20 ildən artıq müddətdə Azərbaycan maarifinə rəhbərlik etmiş, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin anadan olduğu gündür. 2008-ci ildə 105 illiyi münasibətilə dərc olunmuş məqaləni təqdim edirik.
(“Azərbaycan müəlimi” qəzeti, 18 yanvar 2008-ci il, №2)
Onu hər kəs yaxşı tanıyırdı. Kiçiklər onun haqqında böyüklərdən eşidiblər. Azərbaycan elminin, təhsilinin, maarifçiliyinin inkişafında əvəzsiz xidmətləri olmuş, uzun illər maarif naziri işləmiş görkəmli şəxsiyyət, akademik Mehdi Mehdizadə əməlləri ilə yaddaşlarda əbədiyyətə qovuşub. Yanvarın 5-də mərhum ictimai xadimin 105 yaşı tamam oldu. Onunla bağlı əziz xatirələri bir daha yada salmaq istədim. Qızı Zemfira Mehdizadə ilə görüşdüm, elə iş yerindəcə. Əvvəlcədən zəngləşmişdim. Gəlişimin məqsədi ona aydın idi. Zemfira xanım Mehdi Mehdizadənin sonbeşiyidir. Hazırda Beynəlxalq Tibb Korpusunun “İnklüziv təhsil” layihəsinin koordinatorudur. Amma ailənin bütün üzvləri kimi o da uzun illər elmi fəaliyyətlə məşğul olub. Namizədlik dissertasiyası Azərbaycanda nəşr olunan ilk dərslik haqqında olub. Zemfira xanım atasının istəyi ilə bu mövzunu işləyib. Aradan uzun bir müddət keçib. Amma heç atasının yoxluğunu hiss etmir. Bir anlıq masasının üstündə çərçivədə saxladığı fotoşəklə işarə edərək dedi: “O, həmişə mənimlədir. Atam həyatda olmasa da, onun adı həmişə üstümüzdədir. Yadımdadır, çətin 90-cı illərdə ictimai qadın təşkilatının fəaliyyəti ilə bağlı evsiz-eşiksiz insanların problemlərini həll edərkən çıxılmaz vəziyyətlərə düşmüşəm. Amma təkcə “Mehdi Mehdizadənin qızıdır” kəlməsi bəs edib ki, ətrafımda cərəyan edən hadisələr müsbətə doğru dəyişsin”.
Onun evdə bərkdən danışdığını eşitmədik
Ailədə sonuncu övlad olduğum üçün mənə münasibət fərqli idi. Ailədə 4 uşaq olmuşuq. Böyük qardaşım Rafiq, bacılarım Elmira və Nailə. Bacılarım və qardaşım ailə qurduqdan sonra valideynlərimlə birgə yaşayıb, onlarla çox ünsiyyətdə olurdum. Bacılarım atamdan çəkinərdilər, mən isə qətiyyən ehtiyat etməzdim. Bütün problemlərimi onunla bölüşər, müzakirə edərdim. Bəlkə də xasiyyətimdəki bu sərbəstlik bacılarımdan fərqli olaraq, mənim rus bölməsində təhsil almağımdan irəli gələ bilərdi.
Atam əsasən işdə olduğu üçün bizə çox az vaxt ayırardı. Ailənin bütün yükü anamın — Lətifə xanımın çiyinlərinə düşmüşdü. Atam ciddi, təmkinli və olduqca yumşaq xasiyyətli, anam isə əksinə, çox hökmlü idi. Bəzən əsəbiləşəndə atam araya zarafatla söz salar, gərginliyi aradan götürərdi. Elə edərdi ki, ailədə söz-söhbət, konflikt yaranmasın. Əlli ildə bir dəfə də onun evdə bərkdən danışdığını, səsinin tonunun qaldırdığını eşitməzdik. Anam ailədə elə bir mühit yaratmışdı ki, atamın başı xırda məsələlərə qarışmasın. Atamın rahatlığı üçün əlindən gələni əsirgəmirdi. Hətta atamın ölümü anamı elə sarsıtmışdı ki, şeir yazmağa başlamışdı. Anam atamdan sonra 15 il yaşadı, ancaq bir an belə olsun, atamın adı onun dilindən düşmədi.
Aylar keçər, illər ötər həmişə,
Qəlbimizdə çiçəklənib, açarsan!
Mənalı bir ömür sürdün, əzizim,
Xalqımızın xatirində yaşarsan!..
Dənizkənarı parkda gəzməyi çox sevərdi
Xüsusilə, istirahət günlərində, yaxud axşamüstü atam anamla ən çox dənizkənarı parka getməyi xoşlayardı. Anamsız, ya da mənsiz gəzintiyə çıxmazdı. O vaxt dənizkənarı park məşhur incəsənət, elm adamlarının toplaşdığı məkan idi. Atam onlarla parkda görüşər, müxtəlif mövzularda söhbətlər edərdi.
Bizi teatr tamaşalarına, konsertlərə aparardı. Sonrakı illərdə o, asudə vaxtlarını nəvələrinə ayırmağı daha çox xoşlayardı. Nəvələri ilə maraqlı söhbətlər etməkdən doymazdı. Uşaqlar onu işdən ayırsa, acıqlanmaz, əksinə, onları arzularına müvafiq əyləncələrlə məşğul edərdi.
Atamın işinin həddindən çox olması ilə əlaqədar qonaq getməyi xoşlamazdı. Amma qonaqları qəbul etməkdən zövq alardı. Xüsusilə, Cəbrayılın Daşkəsən kəndindən gələn qonaqlarımız olanda kənd həyatından məzəli söhbətlər edər, keçmiş günlərdən şirin xatirələri yada salardılar.
Amma nədənsə, yaxın qohumlar atamdan çox çəkinərdilər. Elə onun suallarına “bəli, qağa”, “xeyr, qağa”, – deyib başlarını aşağı salıb dinməzdilər. Arada pərdə var idi. Nəsə… Heyif o günlərdən…
Məktəbdə baş verənləri nəvələrindən soruşardı
Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan çağı idi. Bərk qar yağırdı. Atam anamı məni məktəbə aparmağa qoymadı, özü apardı. Qapıdan içəri girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı. Atam isə təmkinlə dedi ki, niyə qaçırsınız? Gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum. Atamda bəyəndiyim bir xüsusiyyət onu maraqlandıran bir məsələni məhz həmin sahəyə mənsub adamdan öyrənməsidir. Dəqiqliyi sevərdi. Məsələn, məktəbdə mövcud olan müəyyən problemləri araşdırmaq üçün mütləq nəvələrini sorğu-sual edərdi, çünki uşaqlar məktəbdə oxuyurdular və hadisəni olduğu kimi qiymətləndirmək üçün ona daha düzgün məlumat verə bilərdilər. Məktəbdə nə baş verərdisə, onu nəvələrindən soruşardı.
Onun övladları da elm-maarif yolunu seçiblər. Qardaşım Rafiq texnika elmləri doktoru, professordur. Azərbaycan Texniki Universitetini bitirdikdən sonra elmi fəaliyyətini davam etdirmək üçün Sankt-Peterburqa getdi və indiyə kimi orada yaşayır. Bacım Elmira riyaziyyat elmləri namizədi, Azərbaycan Neft Akademiyasının dosenti, Nailə isə bu ali təhsil ocağının baş müəllimidir. Mən isə pedaqoji elmlər namizədiyəm.
Xatırlayıram, namizədlik dissertasiyamla əlaqədar elmi məqalələr yazmalı idim. Atam bir dəqiqə də olsun məni rahat qoymurdu. Məqalələrdə hər cümlə yüz dəfə ölçülüb-biçilməli və dəqiq olmalı idi. Atamın öz işinə münasibəti də belə olub, çünki elm həmişə dəqiqlik tələb edir.
Özündən sonra böyük bir irs qoydu
Atamın elmi fəaliyyəti çox zəngin idi. O, işləməkdən yorulmazdı. Elm onun həyatının ayrılmaz bir parçası idi. Azərbaycanın məktəb tarixi ilə bağlı namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Müasir rus dilinin tədrisi, pedaqoji təcrübənin təhlili, təhsilin inkişafı haqqında müxtəlif elmi əsərləri var. Atamın elmi əsərləri Rusiyada da böyük rəğbət qazanmışdı. Mən 1981-ci ildə Moskvada 4 aylıq təkmilləşdirmə kurslarına getmişdim. Mühazirələrdə müəllimlər atamın əsərlərindən sitatlar gətirirdilər və onun elmi fəaliyyəti haqqında çox yüksək fikirlər söyləyirdilər. Atam Moskva Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, onun əsasını qoyanlardan biri olub. O dövrdə təhsillə bağlı bütün ictimai proseslərdə xüsusi fəallığı ilə seçilən şəxsiyyətlərdən biri olub. M.Mehdizadə 1930-cu ildən ömrünün sonuna qədər ardıcıl elmi-pedaqoji tədqiqatlar aparıb, pedaqoji fikrin və təhsilin inkişaf tarixi, təlim-tərbiyə nəzəriyyəsinin aktual problemləri üzrə fundamental əsərlərin müəllifi kimi tanınıb. “Azərbaycanda sovet məktəbinin tarixi haqqında oçerklər”, “Azərbaycanda xalq maarifinin sürətli inkişafı”, “Məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” və s. əsərləri Azərbaycan və rus dillərində nəşr olunub. Atam 1961-1964-cü illərdə YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olub. Təşkilatın bütün beynəlxalq konfranslarında və müşavirələrində fəal iştirak edib.
Sağlam həyat tərzi onu yaşından cavan göstərirdi
Bilirsiniz ki, atam uzun illər Azərbaycan Respublikasının Maarif Nazirliyinə rəhbərlik edib. Amma gərgin iş rejimi onun sağlam həyat tərzi keçirməsinə mane olmayıb. O, səhərlər mütləq gimnastika ilə məşğul olardı.
İdman, rejimlə qidalanma, axşamlar gəzintilər onun ömrünü uzadan əsas amillərdən idi. Amma ömrünün son illərində onun ağır xəstəliyə mübtəla olması anamı yaman sarsıtmışdı. Həmin xəstəlik atama imkan vermədi. Müalicələrin xeyri olmadı. 1984-cü il mayın 1-də atamın halı qəflətən pisləşdi və o, 81 yaşında dünyasını dəyişdi. Ölümünə inanmaq çox çətin idi…
Aynur GÜLÜSTAN