“Sabah 2025-ci ilin ilk günüdür. Gələn il həmçinin Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketin icrası ilə yadda qalacaq”.
Mektebgushesi.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq sabahdan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılacaq:
“Bu o deməkdir, sabahdan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Azərbaycan Prezidentinin digər sərəncamı ilə isə sabahdan etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir”.
Deputat bildirib ki, sabahdan həmçinin əmək pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulur:
“Bununla belə, orta aylıq əməkhaqqı da artımla bağlı rəsmi statistika fevralın əvvəlində bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları fevral aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.