AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika elmi konfransının materialları çap olunub.
Bu barədə institutdan Məktəb Guşəsinə bildirilib. “Elm və təhsil” nəşriyyatında çap olunan məcmuənin elmi redaktoru Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, rəyçiləri dosentlər Baba Məhərrəmli və Xədicə Heydərova, tərtibçiləri Könül Mirzəyeva və Səmənnaz Zalovadır.
Topluda Nadir Məmmədli “İlahi feyzdən bir xəzinədir söz” adlı məqaləsində qeyd edir ki, Məhəmməd Füzulidən sonra Füzuli məktəbi əbədi yaşayır. Böyük şairin nüfuzuna kölgə salmaq əsrlər boyu heç kimə nəsib olmadı, onun nüfuzu Azərbaycan dilinin tarixi nüfuzudur. Nadir Məmmədli yazır ki, Məhəmməd Füzuli dühasında söz və sözün xariqüladə qüdrəti və əzəməti dayanır: “Söz sənəti onun timsalında ideoloji, əxlaqi-mənəvi dəyərlər əxz edib. Söz bir nazik sapdır, o xəzinənin dürrləri dənə-dənə bu sapa elə bir nizamla düzülüb ki, “heç bir məna onsuz surət ala bilmir”.
Məcmuədə Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası”, Zemfira Əliyevanın “Məhəmməd Füzuli yaradıcılığı koqnitiv dilçilik müstəvisində”, Teyyub Quliyevin “Məhəmməd Füzulinin dilində işlənən bəzi sual əvəzlikləri”, Nərgiz Hacıyevanın “Məhəmməd Füzulinin anadilli qəzəllərinin dili” , Güntəkin Binnətovanın “Məhəmməd Füzulinin dili və Azərbaycan şivələri” mövzularında məqalələri yer alıb.