Dekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bir bayraq altında” adlı bədii tədbir keçirilib.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) proqram meneceri Aqil Quliyev, universitetin struktur rəhbərləri, tələbə təşkilatlarının sədrləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən prorektor prof. Fikrət Rzayev tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıb. Prof. F.Rzayev geridə qoyduğumuz 2024-cü ilin xalqımız və dövlətimiz üçün olduqca uğurlu il olduğunu qeyd edərək bildirib ki, işğaldan azad edilmiş ərzilərə qayıdış prosesinin icrası cari ildə də uğurla davam edib, ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə dünyaya yüksək təşkilatçılıq nümunəsi nümayiş etdirib.
Pedaqoji Universitetdə mövcud olan tələbə təşkilatlarının fəaliyyəti barədə danışan prorektor tələbələrin sosial aktivliklərinin artırılması və hərtərəfli inkişaflarının təmini üçün hər cür dəstəyin göstərildiyini qeyd edib, gəncləri peşəkar kadr olaraq formalaşmaq üçün yorulmadan çalışmağa çağırıb.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsinin xüsusi qonağı, tanınmış gənc müğənni Mərdan Kazımov tələbələrə qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb və sevilən mahnılarından ibarət musiqi nömrələri ilə çıxış edib.
Daha sonra universitetin xor kollektivi vətənpərvərlik ruhlu musiqi nəğmələrini təqdim edib. Böyük maraqla qarşılanan tədbir tələbələrin ifasında milli ruhlu şeirlər, rəqs və musiqi nümunələrinin təqdim edilməsi ilə davam edib.