Dərc olunub: 23.12.2024

Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Liderin irsinin təbliği yönündə həyata keçirilən növbəti fəaliyyət baş tutub. Bu dəfə Tarix və coğrafiya fakültəsinin iki qrupu üçün “Heydər Əliyev dərsləri” təşkil edilib.
Tədbir “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirənin dinlənilməsi ilə başlayıb. Qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin dirçəliş və sürətli inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri genişlənib. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.
Dünyanın aparıcı dövlət liderlərinin müxtəlif illərdə Heydər Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slaydların nümayişindən sonra tələbələr mərkəzdəki eksponatlarla tanış olublar. Mərkəzin mütəxəssisi Tərlan Ağayev onlara Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 400-dək kitab, foto, arxiv sənədinin surəti, suvenir və digər eksponatlar barədə ətraflı məlumat verib.
Tədbirin “film saatı” adlanan bölümündə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film təqdim olunub. Yekun olaraq tələbələrlə mövzu ətrafında qarşılıqlı sual-cavab və diskussiya aparılıb.

Bənzər yazılar