Dekabrın 21-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), AzEdu Azərbaycan Təhsil Portalının birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.
Mektebgushesi.az xəbər verir ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilən konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli insanların biliklərindən bəhrələnərək yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi əsas inkişaf istiqamətlərindən biri kimi dəyərləndirilir.
Tədbir təntənəli şəkildə başlayıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransda iştirak edən öz müəllimlərinə yaxınlaşaraq onlara hörmət əlaməti olaraq gül dəstələri təqdim edərək, salamlayıblar.
Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqini Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov söyləyib. Nazir çıxışında təhsil sahəsindəki həmrəyliyin önəmindən danışıb.
Tədbirin digər iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova nitqləri ilə çıxış ediblər.
Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyəti müzakirə edilib.
Tədbirdə rəsmi hissə başa çatdıqdan sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim edilib.
Konfransın əsas hissəsində müəllimlərin iştirakı ilə panel müzakirələri keçirilib.