Dərc olunub: 20.12.2024

“Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir.

Məktəb Guşəsi xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin təsisçisi olduğu və beynəlxalq “Scopus” bazasına daxil olan jurnalın baş redaktoru, ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov “Təbib” qəzetinə məktub ünvanlayıb

Məktubda 2001-ci ildən “Azərbaycan Əczaçılıq jurnalı” (2007-ci ildən “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”) (www.azpharmjournal.org) adı ilə işıq üzü görən jurnalın dərc edildiyi gündən müəlliflərə qarşı tələbkarlığı ilə seçildiyi, dərc olunan materialların beynəlxalq standartlara uyğun olmasına xüsusi diqqət yetirildiyi bildirilir: “Jurnal əvvəlcə Azərbaycan Rеspublikası Prеzidеnti yanında Ali Attеstasiya Kоmissiyasının  tövsiyə еtdiyi nəşrlərin siyahısına daхil edilmiş, eləcə də jurnalda dərc olunan işlər haqqında məlumatlar beynəlxalq bazalarda – Chеmical Abstracts və Еlsеviеr bibliоgraphic Database-da (ЕMBASЕ) vеrilib. 2007-ci ildən İSSN-İnternational Centre tərəfindən qeydiyyata alınan (İSSN 1994-1951) jurnal 2016-cı ildə inkişaf etmiş ölkələr arasında “Scopus” tərəfindən keçirilən tədbirində mükafatlandırılıb, “Scopus” bazasına daxil edilib və qısa müddət ərzində jurnalın impakt faktoru da yüksəlməyə başlayıb. Belə ki, 2023-cü ilin yekunlarına görə, jurnal Q3 kvartilinə daxil edilmiş və impakt faktoru 0.4 olub”.

Təsdiqedici sənədlər (jurnalın rəsmi nizamnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şəhadətnaməsi; 2007-ci ildə İSSN 1994-1951 kodunun təsdiqlənməsi, “Scopus” məlumatları) də məktuba əlavə olunub.

Baş redaktor keçən müddət ərzində populyarlıq qazanan jurnalda dünyanın bir sıra ölkələrindən, o cümlədən ABŞ, Fransa, Slovakiya, Polşa, Portuqaliya, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və s., həmçinin də MDB ölkələrindən müəlliflərin məqalələrinin dərc edildiyini vurğulayıb. T.Süleymanov qısa müddət ərzində tez qazanc götürmək məqsədilə beynəlxalq bazalara daxil olan jurnalların feyk variantlarının yaradıldığını və məsələnin üstü açılana qədər fəaliyyət göstərdiyini təəssüf hissi ilə xatırladaraq qeyd edib ki, biz bu hal ilə 2022-ci ildən üzləşmişik:

“Bizim jurnalın oğurluq – feyk variantı “Küveyt Elmi Fondu”nun adından www.azpharmjournal.com saytı vasitəsi ilə dərc olunmağa başlayıb. Qeyd etmək lazımdır ki, “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”nda xarici müəlliflərin məqalələri pulsuz olaraq çap edilir, saxta yaradılmış jurnalda isə məqalənin dərc edilməsi üçün 500 (beş yüz) ABŞ dolları ödəniş tələb olunur. Jurnalın oğurluq variantının 2022-ci ildən dərc olunmasına baxmayaraq, bizim jurnalın 2001-ci ildən dərc olunan bütün nömrələri üzrə arxivdə yerləşdirilmiş məqalələr də mənimsənilərək öz adlarına göstərilir. Beləliklə, təqribən 20 il ərzində “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”nın qazandığı reytinq və imic saxtakarlıq edilərək mənimsənilmiş, jurnalın redaksiya heyətinə maddi və mənəvi zərər vurulmuşdur. Hətta Latviyada yaşayan alim, əvvəllər jurnalımızda məqaləsi dərc edilən professor Doroxov (oleksandr.dorokhov@ut.ee) bizə müraciət edərək jurnalınızın “oğurluq” variantının çap olunduğunu, lazım olsa köməklik edə biləcəyini yazıb. Lakin bir müddətdən sonra biz gördük ki, jurnalımızın feyk variantında növbəti saxtakarlıq edilərək professor Doroxov redaksiya heyətinin üzvü kimi göstərilir. Bizim və professor Doroxovun özünün müraciətindən sonra onun adı da redaksiya heyətindən silindi. Feyk jurnal dərc olunandan sonra bizim jurnalda dərc edilən məqalələrin “Scopus” tərəfindən indeksasiya olunmaması haqqında müəlliflərdən şikayətlər daxil olmağa başladı. Biz həmin müddətdən www.azpharmjournal.com deyil, www.azpharmjournal.org domeni ilə işləməyə başlamış və bu barədə “Scopus”a müraciət etmişik. Bu müddət ərzində baş redaktor olaraq tərəfimizdən müxtəlif tədbirlər görülmüş, “Scopus” bazasına, “Scimago journal rankings” təşkilatına, jurnalda feyk olaraq göstərilən “baş redaktor”lara və s. müraciətlər göndərilmişdir. Jurnalın təsisçisi Azərbaycan Tibb Universiteti olduğundan, ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən də “Scopus” rəhbərliyinə müraciət olunub. Lakin bu günə qədər problem öz həllini tapmayıb. Jurnalın oğurluq-feyk variantının işinin dayandırılması üzrə tədbirlər davam etdirilir”.

Bənzər yazılar