Dərc olunub: 20.12.2024

ADA Universiteti ilk doktorantura proqramını və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə magistratura və doktorantura proqramlarını təqdim edib.

Dekabrın 19-da keçirilən tədbirdə ADA və Corc Vaşinqton Universitetlərinin nümayəndələri, qonaqlar və tələbələr iştirak ediblər. Tədbirdə yeni proqramların ADA Universiteti tarixində əlamətdar hadisə olduğu vurğulanıb.

ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd qeyd edib ki, bu təşəbbüslər gələcək elmi-pedaqoji heyətin hazırlanmasına yönəlib. Corc Vaşinqton Universitetinin professorları isə iki universitetin uğurlu əməkdaşlığından və doktorantura təhsili üzrə yeni müqavilənin əhəmiyyətindən danışıblar.

Corc Vaşinqton Universitetinin professorları Can Korman, Tarek Əl-Qəzavi və Rebeka Ha iki universitet arasındakı uğurlu əməkdaşlığın tarixindən bəhs ediblər. Onlar tədbir iştirakçılarına magistratura səviyyəsində təklif olunan ikili diplom proqramları barədə məlumat verərək bildiriblər ki, imzalanacaq doktorantura təhsili razılaşması sayəsində əməkdaşlıq genişlənəcək və bu razılaşma tələbələrin elmi inkişafında əhəmiyyətli rol oynayacaq.

ADA Universitetinin rektoru Hafiz Paşayev universitetin elmi kadr hazırlığında mühüm addımlar atdığını və yeni proqramların ölkəmizin inkişafına töhfə verəcəyini bildirib.

Tədbirdə ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında doktorantura təhsili üzrə tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu proqram vasitəsilə informasiya texnologiyaları sahəsində akademik kadrlar hazırlanacaq. İlk qəbul 2025-ci ildən başlayacaq.

Tələbələr magistr proqramları çərçivəsində iki il ərzində həm Bakıda, həm də Vaşinqtonda təhsil alaraq ikili diplom əldə edəcəklər.

Bənzər yazılar