Dərc olunub: 19.12.2024

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub”.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

“Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir”, – deyə məlumatda bildirilib.

Tovuzda Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə 10-dan artıq şagird soba tüstüsündən zəhərlənib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin  məlumatına əsasən, həmin məktəbin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.