Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitet və Avrasiya Universitetlər Birliyinin (EURAS) birgə təşkilatçılığı ilə “Təhsildə İnnovativ Liderlik: Gələcəyin Təhsil Sistemini Qurmaq” mövzusunda seminar keçirilib.
EURAS prezidenti, İstanbul Aydın Universitetinin qurucusu və Himayəçilər Şurasının rəhbəri professor Mustafa Aydının təqdimatında keçirilən seminarda təhsildə liderlik, innovativ yanaşmalar və uğurlu strategiyalar müzakirə olunub. Seminar iki hissədən ibarət olub. Prof. M.Aydın birinci hissəsdə təhsil mühitində diqqət yetirilməli olan əsas məqamlar, ikinci hissədə isə təhsildə dəyərlərin önəmi və tətbiqi mövzuları ətrafında fikir və təcrübələrini bölüşüb.
Seminar zamanı təhsildə şəxsiyyətyönümlü yanaşmanın əhəmiyyəti və müəllimlərin liderlik roluna toxunularaq qeyd edilib ki, müasir müəllim yalnız bilik ötürücüsü deyil, həm də yol göstərəndir. Şəxsiyyət yetişdirməyə yönələn təhsil sistemində maraq mərkəzləri yaradılmalı, şagirdlərə sosial məsuliyyət və həssaslıq hissləri aşılanmalıdır. Prof. M. Aydın vurğulayıb ki, müəllim dərs prosesində lider kimi davranmalı, dərsini ssenari şəklində planlamalı və gəncləri mənfi təsirlərdən qoruyaraq onların potensialını üzə çıxarmalıdır. Təhsilin məqsədi yalnız bilik ötürmək deyil, həm də əldə edilən bilikləri praktik və sosial dəyərə çevirməkdir. Alim bəhs etdiyi yanaşmaların təhsil sahəsində innovativ liderliyin əsasını təşkil etdiyini bildirilib.
Təhsil işçiləri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda maraqlı və interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Müzakirələrdə xüsusilə fərqlənən ADPU-nun tələbəsi Xədicə Əhmədliyə prof. Mustafa Aydın tərəfindən İstanbul Aydın Universitetində tam təqaüdlə magistratura və doktorantura təhsili hədiyyə olunub.
Qeyd edək ki, tanınmış alim və təhsil mütəxəssisi olan prof. Mustafa Aydın Türkiyə ali təhsil sistemində bir çox reformlara öncüllük edib, o cümlədən hibrid ali təhsil modelini ilk dəfə tətbiq edərək beynəlxalq tələbələrin Türkiyəyə cəlb olunmalarında yeni səhifənin başlanğıcını qoyub. O, İstanbul Aydən Universiteti, Kipr Elm Universiteti, BİL holdinq, BİL kollecləri, BİL yayımları, Mustafa Aydın Vəqfi kimi bir çox təhsil qurumunun qurucusu və rəhbəridir.