Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində elmi ictimaiyyətin nümayəndələri, eləcə də Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycanın elmi-ictimai tərəqqisində mühüm rol oynayan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı təsdiq olunub. Professor Asəf Zamanovun bu ensiklopedik əsərini də Pedaqoji Universitetin Muxtar Respublikanın 100 illiyinə dəyərli töhfəsi hesab etmək olar.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov çıxış edərək əsərin xüsusən elm tarixi və görkəmli alimlərin irsinin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq, müəllifə bu əhatəli tədqiqata görə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, 100 ildən artıq tarixi olan Pedaqoji Universitet və onun alimləri daim milli təhsilimiz və elmimizin inkişafına dəyərli töhfələr vermişdir. Prof. A.Zamanovun sözügedən əsəri də bu konteksdə növbəti qədirşünaslıq nümunəsi hesab oluna bilər.
Sonda çıxış edən kitabın müəllifi professor Asəf Zamanov göstərilən diqqətə görə çıxışçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, “Naxçıvanlı elmlər doktorları” əsərində ümumən 300 nəfərdən çox naxçıvanlı və əslən Naxçıvandan olan alimlər – elmlər doktorlarının həyatları və elmi yaradıcılıqları haqqında məlumat əks olunur.
Bildirilib ki, kitab ilk dəfə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konfransda tədqim olunub.