Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Qalyubiyyə vilayətinin Bənhə Universitetinin rektoru Nasir əl-Cizavi ilə görüşüb. Universitetdə baş tutan tədbirdə, həmçinin Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Ekologiyanın inkişafı üzrə prorektor Seyyid Fudə, Magistratura və tədqiqatlar üzrə prorektor Cihan Əbdülhəmid, Ədəbiyyat fakültəsinin dekanı Əmcəd Hicazi və Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bənhə Universitetinin Dillər mərkəzində Azərbaycan dilinin tədrisi, eləcə də Azərbaycan universitetləri ilə əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Universitetin rektoru əl-Cizavi rəhbərlik etdiyi elm ocağının bütün ali təhsil mərkəzləri, eləcə də Azərbaycanın universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib. Rektor universitetdə Azərbaycan dilinin tədrisi sahəsində ölkəmizin səfirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Misir universitetlərində Azərbaycan dilinin tədris olunmasında artıq müsbət təcrübə mövcuddur. Bu nümunə Bənhə universitetində də tətbiq oluna bilər.
Görüşdə çıxış edən qubernator Əymən Atiyyə Misirlə Azərbaycan arasında qardaşlıq və dostluq əlaqələrinin olduğunu vurğulayıb.
Səfir Elxan Poluxov öz növbəsində universitet rəhbərliyinin Azərbaycan dilinin tədrisi ilə bağlı təklifini dəstəklədiyini və bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan dili ilkin olaraq universitetin Dillər mərkəzində öyrədiləcək. Daha sonra isə ayrıca ixtisas bölməsi açılacaq.