Dərc olunub: 17.12.2024

 

İnsanların ən yaxşısı digərlərinə faydalı olandır. Hz. Məhəmməd

Giriş

Sovet təhsilinin fəlsəfəsi liberal təhsildən çox fərqlidir. Sovetlər dövründə təhsilin məqsədi kütləni təhsilli etməklə fərdləri, liberal təhsildə isə fərdləri təhsilli etməklə kütləni təhsilli etmək olub. Son yüz ildə təhsilimizin müxtəlif istiqamətləri üzrə nazirliklər yaradılıb, sonra ləğv edilib, təhsilin məzmunu zaman-zaman dəyişdirilib, əvvəlcə sosialist, sonra liberal dəyərlərdən istifadə olunub. Əvvəllər kollegial idarəetmədən, sonralar menecer tipli idarəetmədən istifadə edilib. İdarəetməyə əvvəllər pedaqoqlar, sonralar qeyri-pedaqoqlar cəlb edilmişdi. Təhsil problemlərini araşdırmaq üçün elmi mərkəz yaradılıb, sonra təyinatı dəyişdirilib. Əvvəllər tərbiyəyə ciddi nəzərət edilib, sonralar unudulub.

Gənc nəslə mükəmməl tərbiyə və təhsil vermək dövrün tələbidir. Uşaq böyüdükcə həm tərbiyə, həm də təhsil almalıdır. İslam dünyasında bu məsələ daim diqqət mərkəzində olub. Məhəmməd peyğəmbərin “Allah əxlaqı ilə əxlaqlanın” kəlamı islam mədəniyyətinin kristallaşmış tərbiyə düsturudur. Qərbdə bu məsələ gec başlasa da, elmi əsaslarla qurulub. Viktor Hüqoya görə, insanı dəyişmək üçün onun nənəsindən başlamaq lazımdır. Misirli şair Əhməd Şövqi əxlaq məsələsinə çox diqqətlə yanaşmağı məsləhət bilir və qeyd edir ki, millətlər əxlaqı ilə əbədidir, əxlaq yox olanda millət də yox olur. Azərbaycanın düşüncə adamları da zamanzaman təlim və tərbiyə məsələsinin vacibliyini bəyan ediblər. Onların bir qisminin pedaqoji baxışları ilə tanış ola bilərik (Əliyev, 2015; Abbasov, 2010; Qaralov, 2009). Burada bir neçə misal çəkməklə kifayətlənək. Təhsilin cəmiyyətdə yeri ilə bağlı Həsən bəy Zərdabi belə qənaətə gəlmişdi ki, savadlı olmayan xalqın sonu yoxdur. O ya işğal olunacaq, ya daxildən parçalanacaq.

Cəmiyyəti savad ayaq üstə saxlayar. Bu fikir xalqımız üçün həmişə aktualdır. Professor Zahid Qaralov təlim-tərbiyə sahəsində bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. Onun üç cildlik “Tərbiyə” kitabı milli tərbiyə prosesinin elmi-nəzəri əsasıdır. Professor digər həmkarlarından fərqli olaraq, öz tədqiqatlarında islam maarifinə, islam tərbiyəsinə geniş yer verir (Qaralov, 2009). 1960-cı illərə qədər sovet təhsil sistemində tərbiyə müstəqil fənn kimi tədris planında olub və əxlaqdan qiymət də yazılıb. Müəllim həm məktəbdə, həm də məktəbdən kənarda tərbiyə məsələsində məsuliyyət daşıyırdı. Tərbiyənin tədrisdən çıxarılmasında konspiroloji nəzəriyyələrin izlərini görmək çətin deyildi. Belə ki, II Dünya müharibəsinin qaliblərindən biri olan SSRİ-nin zəfərini əlindən almaq üçün 1947- ci ildə ona qarşı hazırlanmış xarici bir doktrinada deyilir:“Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına intim kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək.

Yalnız çox az adam bundan xəbər tutacaq, hətta nələr baş verdiyini anlayacaqlar. Onları da gülünc vəziyyətə salıb, aciz durumda buraxacağıq” (Qaralov, 2009). İqtibasdan göründüyü kimi, hədəfə əsasən əxlaq kateqoriyaları götürülüb. Tərbiyəni sıradan çıxartmaqla təhsilin effektivliyini heçə endirmək mümkündür! Sonrakı illərin təcrübəsi göstərdi ki, bu sosial silah atom silahı qədər dağıdıcıdır. Nə tərbiyəsiz təhsil, nə də təhsilsiz tərbiyə effektli ola bilər.

L.Tolstoy hesab edirdi ki, tərbiyə ilə təhsil ayrılmazdır. Peyğəmbərin arzu etdiyi “digərləri üçün faydalı olan” insanları necə hazırlamaq olar? Tarix bu problemin həllinin ancaq bir yolunu tanıyır, o da inkişafın qoşa qanadı olan tərbiyə və təhsil yoludur. Uşaqların düzgün təlim və tərbiyəsi millətin taleyində həyatı əhəmiyyətə malik olan mürəkkəb milli məsələdir. Təhsil və tərbiyə fenomenləri Təhsil prosesinin təməl pilləsi məktəbəqədər və ibtidaitəhsildir. Bu bünövrəni düzgün qurmaq Tərbiyənin fəlsəfi əsasları http://as-journal.edu.az 89 üçün əvvəlcə onun fəlsəfəsini bilmək lazımdır. Elmşünaslar hesab edirlər ki, bir çox səhv fikirlərdən qurtarmaq üçün anlayışlar dəqiq müəyyən edilməlidir. Bəzi pedaqoji anlayışların tərifləri, fərqli cəhətləri, prosesin subyektləri və qarşılıqlı münasibətlərin aydın dərkinə ehtiyac vardır. Təəssüf ki, bu fenomenlərin qarışılıqlı ələqəsi bu gün də kifayət qədər aydın deyil. Keçmişdə təhsil tərbiyənin bir hissəsi sayılırdı. İndi isə tərbiyəyə təhsilin tərkib hissəsi kimi baxanlar da az deyil. Qeyd edək ki, təhsil və tərbiyə müxtəlif funksiyalar daşısa da, bir yerdə çox güclüdür, çünki eyni məqsədə qulluq edirlər. Təhsil beynəlmiləl, tərbiyə isə milli fenomendir.

Tərbiyə – gələcəkdə gəncin öz həyat potensialından düzgün istifadə etməsi üçün milli arzudur. Təhsil hər yaşda, ancaq tərbiyə isə uşaq yaşlarında mümkündür. Tərbiyə ana qucağından, təhsil isə məktəbdən başlayır. Məktəb tərbiyə üçün bir laboratoriyadır. Tərbiyə isə təhsil üçün ruhi mühiti yaradır. Təhsilin məzmunu zaman-zaman dəyişməli, ancaq tərbiyə zamana görə dəyişməz qalmalıdır. Milli tərbiyə vardır, ancaq milli təhsil deyilən bir şey yoxdur. Təhsil üçün müxtəlif və çoxlu dərsliklər mövcuddur. Tərbiyə üçün kitab yoxdur, əxlaq qaydalarını analar əzbər bilirlər. Tərbiyə formaya, təhsil məzmuna cavabdehdir. Tərbiyə prosesinin əsas subyekti ana, digərləri isə valideyn və müəllimdir. Təhsil prosesinin əsas subyekti öyrənənin özü və müəllimi ilə valideynidir. Ziya Səlcuq hesab edir ki, Google-da olmayan məlumatların əldə edildiyi yerə məktəb deyilir. Əli bəy Hüseynzadəyə görə, hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olmaz. Yaş ağacı necə istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur. Yusif Vəzir Çəmənzəminli tərbiyədə ananın müstəsna rolunu belə qiymətləndirir: “bir çox tarixi şəxsiyyətlərin tərcümeyi-halları göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Burada da ana yada düşür. Bu böyük məsul vəzifə də ona həvalə olunur. Çünki analar övlada tərbiyə verib həmişə ömürlərini onlarla keçirirlər. Tərbiyədən də ümdə məqsəd uşaqlarda olan təbii vergilərə meydan verib onların tərəqqisinə çalışmaqdır”.

  1. Y.V.Çəmənzəminliyə görə,tərbiyədən də ümdə məqsəd təbii vergilərlə doğulanları itirməməkdir. O, alman şairi Şillerin ədəbiyyatda böyük uğur qazanmasının ümdə səbəbkarının anası Yelizaveta olduğunu hesab edir. Ana oğluna oxumaq və yazmağı öyrədib, Tövratla də tanış edib, şairlərə dair biliklər verib, şeirlər öyrədib. Y.V.Çəmənzəminlinin fikrincə, hər ana övladlarının istedadını uca bir mərtəbəyə çıxartmağa qadir ola bilər. Bu şərtlə ki, ana özü elmli və qanacaqlı ola. Ana ki, istedadın nə olduğunu düşünmədi, daha o, zəkalı övlad yetişdirə bilməz. Ananın rolu Tomas Edisonun timsalında da aydın görünür. Edisonun anasının söylədiyi müqəddəs yalan bəşəriyyətə dahi bir ixtiraçı bəxş etdi.
  2. Tərbiyə prosesində ananın rolunu Namiq Kamal da belə düşünürdü ki, tərbiyə ananın qucağından başlayır, hər danışılan söz uşağın şəxsiyyətinə qoyulan bir kərpicdir. Professor İlber Ortaylı gənc nəslin əxlaqlı böyüməsini müdrükliklə ifadə edərək yazır ki, uşaqlarımıza ibadət etməyi öyrətmədən əvvəl əxlaqlı olmağı öyrədək. Yoxsa uşaqlarımız namaz qılan bir oğru, oruc tutan bir pozğun və ya Həccə gedən bir yalançı ola bilər. O, haqlı olaraq əxlaqı təhsilin bünövrəsi kimi tövsiyə edir. Viktor Hüqonun təbirincə desək, belə dəyərləndirir: tanrı, heç bir uşağı pis olsun deyə yaratmaz! Pis ana-ata, pis ətraf, pis rəhbərlik bataqlıq kimidir, yazıq balaları da çəkib udur. Kütləvi məktəblərin olmadığı zamanlarda təlim-tərbiyə məsələsi ailənin (fərdin) üzərinə düşürdü. Təhsil sisteminin mövcud olduğu müasir dövrdə təlim-tərbiyənin məsuliyyəti, əsasən, cəmiyyətin üzərindədir. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, ana bildiyimizdən də qiymətlidir, bir də ona görə ki, uşaqda təbii isdedadı ilk görən anadır. Ana savadlı olarsa, bu istedad itməz. Ananın savadsızlığı səbəbindən, kim bilir, neçə Üzeyr Hacıbəyovlar, Səməd Vurğunlar itirmişik. Təlim-tərbiyə prosesini öyrənmək üçün model olaraq içində maye olan stəkan götürmək olar. Maye təhsilin məzmununu, stəkan isə tərbiyəni göstərir. Başqa sözlə, təlim-tərbiyə prosesinin strukturunu tərbiyə, məzmununu isə təhsil təmsil edir (Əliyev, 2015). Millətlərin bir-birindən fərqlənməsi təhsillə yox, tərbiyə ilə bağlıdır. 70 il (üç nəsil) sovet təhsil sistemindən keçmiş müxtəlif millətlər məntiqlə gərək bir-biri ilə dost olardılar. Ancaq təcrübə əksini göstərdi. Nəinki ermənilər azərbaycanlılarla, heç ruslar ukraynalılarla da dost olmadılar. Digər bir misal: yəhudi gəncləri müxtəlif ölkələrdə dünyəvi təhsil alsalar da, sonralar onlar digər gənclərdən yəhudi olaraq fərqlənirlər. Çünki onların tərbiyəsi milli, təhsili isə beynəlmiləldir. Təhsilin milli identikliyə təsiri demək olar ki, yoxdur, ancaq tərbiyənin var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərbiyə ilə bağlı fikirləri dəyərlidir: “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə – 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

  1. Tərbiyə məsələsi milli əhəmiyyətli məsələ olduğundan, xarici ölkələrin ölkəmizdə tərbiyə müəssisəsi açması yolverilməzdir. Bu işi yerli özəl şirkətlərə də etibar etmək olmaz. Tərbiyə müəssisələri ancaq dövlət nəzarətində olmalıdır, çünki tərbiyənin milli təhlükəsizliklə ələqəsi görünməz üzvü tellərlə bağlıdır. Cəmiyyətin inkişafında tərbiyə əvəzsiz rol oynadığından dövlət başçıları da bu məsələyə müstasna əhəmiyyət verib. ABŞ-nin 16-cı prezidenti Abraham Linkoln yazırdı ki, məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, söyləyim: Anamdır. Ulu Öndər Heydər Əliyev tərbiyənin məktəbdə davam etməsini belə ifadə edib: “Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda, bu, yüksək tərbiyə ocağıdır”. Tunisin eks-prezidenti Munsif Marzukinin insanlara verdiyi həyat dərsi diqqətə layiqdir: “Valideyn olaraq bizim vəzifəmiz, balaca nadinclərə nəzakət, hörmət, səbir və başqaları ilə bölüşməyi öyrətməklə onları tərbiyə etməkdir. Bunun üçün, uşaqlara nümunə göstərir və nəsihət edir, bəzən də yüngülcə toxunuruq. Bu yolla uşağın cəmiyyətə inteqrasiya olması, həm cəmiyyətə faydalı olub, həm də cəmiyyətdən faydalanması üçün yetkinləşməsinə kömək edirik. Bu yetkinləşmə prosesi uşaqlıqdan yeniyetməliyə, gənclikdən qocalığa qədər davam edir. İllər keçdikcə uşağın təcrübəsi dərinləşir, həm insanlara, həm də özünə fayda verəcək davranışları artır”.
  2. İngilis filosofu Conn Lokk bir neçə əsr öncə yazırdı ki, insanların onda doqquzu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud faydasız olur. Yadda saxlamalı və tətbiq etməli elmi qənaətimiz belədir: insanların bir çox keyfiyyətlərini tərbiyə vasitəsi ilə dəyişmək mümkündür! İlk təhsilin fəlsəfəsi Son yüzillik tariximiz göstərir ki, yaşadığımız uğursuzluqların kökündə təlim və tərbiyədə buraxdığımız səhvlərin payı az deyil. 5 Biz eqosu böyük, özünəməftun, haramla halalı, xeyrlə şəri, dəyərli ilə dəyərsizi fərqləndirə bilməyən gənclər Tərbiyənin fəlsəfi əsasları yox, fiziki sağlam və kamil insan yetkinləşdirməliyik.

Təhsil sisteminin təməl pilləsi 2-10 yaşı əhatə edən ilk təhsildir. Cəmiyyətin təhsil ehtiyacının təmin olunması təhsilin hər pilləsi üçün yeni fəlsəfəyə, yeni pedaqoji düşüncəyə tələbat vardır. İstənilən təhsil pilləsində təhsil subyektlərinin təbii istəyi və arzusu müxtəlif dərəcədə nəzərə alınmalıdır. İlk təhsilin bünövrəsi məktəbəqədər və ibtidai təhsillə qoyulur. Bu yaşda uşaq öyrənir, düşünür və yaddaşa yiyələnir. Yaşa dolduqca onun düşüncəsi və dünyagörüşü artdığından həm də ictimai mənafesi yaranır. Çətin problemi birgə həll etməyin daha faydalı olduğu təcrübəsini qazanır. Bu keyfiyyətlərin bəziləri təbii, bəziləri isə “texnoloji” olub, əsasən, tərbiyə vasitəsi ilə gənc nəsilə ötürülür.

Tərbiyə, əsasən, milli və mənəvi dəyərlərdən qidalanır, uşağın milli kimliyi bu yaşdan formalaşır. İlk təhsil pillələrində tərbiyə və onun fəlsəfi dərki əhəmiyyət kəsb edir. Çünki tərbiyə nəinki təhsilin, həm də mədəniyyətin başlanğıcıdır. Bizi – biz, yaponu – yapon edən milli tərbiyə və mədəniyyətdir. Qlobal miqyasda mədəniyyət milli fərqləri silir, tərbiyə isə milli-mənəvi dəyərləri himayə edir. Sadə milli-mənəvi dəyərlər (salamlaşmaq, düz danışmaq, kömək etmək, əməksevər olmaq, təbiətə məhəbbət və s.) kiçik yaşlarda sərt yaddaşa yazılmalıdır. ABŞ-nin Buffalo Universitetinin professoru Şövqi Hüseynova görə, 10 yaşlarına qədər uşaqların öyrəndikləri sərt yaddaşa yazılır. Deməli, tərbiyə müddəaları (əxlaq, ədəb qaydaları) uşaqkən sərt yaddaşa yazılmalıdır ki, vərdiş halına gələ bilsin. Bu o deməkdir ki, namuslu, vicdanlı, əxlaqlı və ədalətli olmaq kimi ədəb qaydaları erkən yaşda sərt yaddaşa yazılmalıdır ki, ömür boyu yadda qalsın. Məktəbəqədər təhsil. Uşaq yaşa dolduqca şüurlu və yaddaşlı olduğundan düşüncəsi yaranır. Bu yaşa uyğun tədris planı uşağın arzu və istəyi nəzərə alınmaqla tərtib edilməlidir. Aydındır ki, uşaqlar oynamağı sevirlər. Fərdi sevinc yaşadan əyləncə, oyun və idman növlərinə (tapmacalar, rəqs etmək, mahnı oxumaq, rəsm çəkmək, nağıl eşitmək, gəzintilər və s.) misal göstərmək olar. Məktəbəqədər təhsilin məqsədi sevinc yaşatmaqla bərabər, həm də sevinci paylaşmağı da öyrətməlidir. Ədəb qaydalarını öyrətməkdir ki, nəticədə, şagird həm şəxsi, həm də ictimai mənafe daşıyıcısına malik olsun. Beləliklə, məktəbəqədər təhsil pilləsinin fəlsəfəsinə görə kurikulum fərdi sevinci yaşada bilən mövzulardan təşkil olunmalıdır. Oynamaq uşaq üçün təbii təlabatdır və məktəbəqədər təhsil proqramları fərdi sevinc yaşatmaqla bərabər, həm də sevinci paylaşmağı da tərbiyə etməlidir. Bu yaş dövründə uşaq davranışında azad olmalıdır. Milli-mənəvi dəyərlərə əsaslanan sadə ədəb qaydaları vərdiş halını alması üçün sərt yaddaşa yazılmalıdır. İbtidai təhsilin fəlsəfəsi, şübhəsiz, bir qədər fərqli olmalıdır. Uşaqların zaman resursu məktəbdə nəzərətə götürülməli, ancaq onların oynamaq arzusunu qismən azaltmaqla tədris planı pedaqoji elmə əsasən tərtib edilməlidir. Gündəlik elə tərtib olunmalıdır ki, uşağın məktəbə sevgisi azalmasın. Bu səbəbdən, dərs saatlarının sayı və ya məktəbli çantasının çəkisi çox olmamalıdır. Tədris planında komanda sevinci yaşada bilən əyləncə və idman növlərinə daha çox yer verilməlidir. Bu pillədə fərdi qabiliyyətlərin inkişafı nəzərə alınmalıdır. Elementar biliklərin tədrisi və ədəb qaydaları ilə bərabər, əyləncə və idman dərsləri vasitəsi ilə uşaqlar həm fərdi və kollektiv sevinc yaşamalı, həm də sevinci paylaşmağı öyrənməlidirlər. Şahmat kimi fərdi sevinc yaşadan stolüstü oyunlarla bərabər, futbol kimi ictimai sevinc yaşada bilən idman növləri də kurikuluma daxil edilməlidir.Uşaqların arzu və istəkləri elə nəzərə alınmalıdır ki, uşaq doğma evindən daha çox məktəbi sevsin. Bunun üçün əvvəlcə, onların özləri və arzuları öyrənilməlidir. Kurikulum elə tərtib edilməlidir ki, ədəb qaydaları ilə bərabər, həm də ictimai keyfiyyətlər də inkişaf etsin.

Komanda oyunları həm ictimai sevinc yaşadır, həm də sevinci paylaşmağı tərbiyə edir. Yəqin ki ingilislər, bu niyyətlə futbol kimi oyunlar icad ediblər. Fiziki tərbiyə üçün ayrılmış dərs saatlarında fərdi yox, kollektiv sevincə səbəb olan futbola, voleybola, musiqi tədbirlərinə birgə fəaliyyətə (gəzintilər) üstünlük verilməlidir. Musiqi dərslərində də fərdi yox, kollektiv sevinc yaşadan (xor oxumaq, yallı oynamaq kimi) mövzulara üstünlük verilməlidir. İbtidai təhsilin yuxarı siniflərində nisbətən daha çox kollektiv sevinc yaşadan ictimai tədbirlərdən, idman və musiqidən istifadə olunmalıdır. Başqa sözlə, idmanda boksdan daha çox futbola, musiqidə solo ifadan daha çox xora, rəqsdə “tərəkəmə”dən daha çox,“yallıya” üstünlük verilməlidir. İbtidai sinifdə milli-mənəvi dəyərlərə əsaslanan zəruri tərbiyə müddəaları və ədəb qaydaları sərt yaddaşa yazılmalıdır ki, vərdiş halını alsın. Beləliklə, məktəbəqədər və ibtidai təhsil pilləsi üçün təhsilin fəlsəfəsinin qayəsi elə olmalıdır ki, tədris materialı ictimai və fərdi sevinci yaşadan və paylaşa bilən mövzularla zəngin olsun. Aqşin Yenisey yazır ki, uşaq evdən məktəbə mədəniyyət aparmalıdır. Bu fikir ilk baxışda etiraz doğura bilər, ancaq dəyərli fikirdir. Belə ki, ana hər səhər övladının məktəbli çantasına yemək qoyanda qətiyyən deməməlidir ki, “heç kəsə vermə”, əksinə, deməlidir ki, dostlarınla bölüşə bilərsən. Başqa sözlə, evdən məktəbə mədəniyyət aparılmalıdır. “Mən” və “biz” düşüncəsi Məhəmməd peyğəmbərin “İnsanların ən yaxşısı digərlərinə faydalı olandır” kəlamında “mən” və “biz” düşüncəsi vəhdətdədir. Bugünkü dilə çevirsək, bu o deməkdir, “mən” o zaman yaxşıdır ki, “biz”ə qulluq edir. “Mən” və “biz” düşüncəsinin riyaziyyatı da çox sadədir. Bu riyaziyyata görə, toplanıb varlanmaq, varlanıb toplanmaqdan daha yaxşıdır. Bu tezisin sübutu üçün misal:

(2+3)2 > (22 + 32 ), yəni 25 > 13.

Cəmiyyətdə baş verən sosial hadisələri izləsək, görərik ki, mənfi halların əsas səbəbi insanların “mən” düşüncəsindən sui-istifadəsi ilə bağlıdır. Bu düşüncə, əsasən, qohumbazlıq, dostbazlıq, yerliçilik və rüşvətdən qidalanır. Yuxarıda qeyd edildiyi kimi məqalənin əsas məqsədi “mən” düşüncəsini təlim və tərbiyə vasitəsi ilə “biz” düşüncəsinə transfer etməkdir. “Mən” düşüncəsi. İnsan övladı həm şəxsi, həm də ictimai mənafe daşıyıcısıdır. Şəxsi mənafe anadangəlmədir, amma ictimai mənafe (şüurun nəticəsində) sonradan törəmədir. Hər bir məktəbli də şəxsi və ictimai mənafe daşıyıcısıdır. Müşahidələr göstərir ki, şahmat, güləş, boks kimi idman növləri fərdi qabiliyyətləri, başqa sözlə, “mən” düşüncəsini stimullaşdırır. Bu idman növləri Şərqdə populyardır. Ancaq Qərb dövlətlərində futbol, voleybol, basketbol kimi idman növləri geniş yayılıb və ictimai, yəni “biz” düşüncəsini inkişaf etdirir. Bu səbəbdən də inkişaf etmiş ölkələrin 90 faizi Qərb dövlətləridir. “Biz” düşüncəsi. “Biz” kəlməsinin hikməti böyükdür. Xoşbəxt gələcəyin açarı, “biz” düşüncəsindədir. Təhsilin bütün pillələri üçün doğru olan fəlsəfi müddəanı belə ifadə etmək olar: şəxsi mənafe ilə dünyaya gəlmiş uşaq elə təlim və tərbiyə almalıdır ki, böyüdükcə “mən” düşüncəsindən ”biz” düşüncəsinə keçə bilsin. Yəni şəxsi mənafe daşıyıcılarından ictimai mənafe daşıyıcısına çevrilə bilsin. Bu məqsədə çatmaq üçün repititorluq praktikasından qətiyyətlə imtina etmək və onunla mübarizə aparmaq lazımdır. Əks halda, “mən” düşüncəsi inkişaf edər, uşaq atasını (himayədarını) dövlətdən güclü bilər və psixologiyası düz formalaşmaz. Dövlətdən daha çox, atasına güvənər. Əgər uşaq dövlət bağçasına gedərsə, onda düşüncə dəyişər:“bağça bizimdir”, “sinif bizimdir”, “lövhə bizimdir”, “müəllim bizimdir” – düşüncəsi ilə böyüyər və “mən”- düşüncəsindən “biz” düşüncəsinə keçid baş verər. “Biz” düşüncəsinə həm tərbiyə, həm də təhsil vasitəsi ilə nail olmaq mümkündür.

Orta məktəbin kurikulumu elə hazırlanmalıdır ki, birinci sinifə “mən” düşüncəsi ilə daxil olan şagird, 11-ci sinfi “biz” düşüncəsi ilə bitirə bilsin. Attestat almış gənc kamilləşsə, başa düşəcəkdir ki, fərdin xoşbəxt olması, hələ hər kəsin xoşbəxt olması demək deyil. Ancaq kütlənin xoşbəxt olması hər kəsin xoşbəxt olması deməkdir. Bəs kamilliyin açarını necə əldə etmək olar, kamilliyin meyarı varmı? Bu suala cavab vermək üçün əvvəlcə kamilliyə tərif vermək lazımdır. Bunun üçün postulat qəbul edilmişdir: şəxsi və ictimai mənafelərin nisbi cəmi hər şagird üçün vahidə bərabərdir və ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti kamilliyinin ölçüsüdür. 6 Bu postulatı riyazi şəkildə belə ifadə etmək olar:

(ictimai mənafe) Kamillik = —————————— (şəxsi mənafe)

Bu düstur həm fərd, həm də toplum üçün doğrudur. Bu düsturu cəmiyyətin uğur düsturu hesab etmək olar. Düsturdan görünür ki, kəsrin sürəti artdıqca kamillik, məxrəc artdıqca isə cahillik artar. Təzə doğulan körpənin kamilliyi sıfır, ancaq hər şeyi bilən və hər şeyi görən Allahın kamilliyi isə sonsuzdur. Xeyir əməllər kəsrin sürətinə, şər əməllər isə məxrəcinə yazılır. Başqa sözlərlə, Allaha xoş olan fəaliyyət kəsrin sürətinə, şeytana xoş olan fəaliyyətlər isə məxrəcinə yazılır. Postulata görə, kəsrin sürəti artdıqca məxrəci azalır, çünki kamillik zamana görə dəyişə bilən keyfiyyətdir. Başqa sözlə, insan kamilləşdikcə, onun cahilliyi azalır. Bu səbəbdən də bəzi ölkələrdə dövlət cahil məmurları, bəzilərində isə kamil məmurlar dövləti saxlayır. İctimai mənafe dərk edildikcə ehtimal ki, “xeyr” işlər “şər” işləri üstələyir. Bu şərt ödənilən toplumlar sivilizasiya adlanırlar. Milli tərbiyə və ədəb qaydaları Təhsil vermək üçün dərsliklər yazılır, kitabxanalar mövcuddur. Tərbiyə üçün dərslik yoxdur. Tərbiyə proses olduğundan onun məntiqi, fəlsəfəsi var və beynəlxalq təcrübədən qidalanır. Ədəb qaydaları tərbiyənin tərkib hissəsidir. Bu qaydalar xeyri şərdən ayırmaq və davranış üçün məsləhət bilinən nəsihətlərdir.

Ədəb qaydalarının fəlsəfəyə ehtiyacı yoxdur. Ancaq o, milli-mənəvi dəyərdən və tarixi təcrübədən asılıdır. Məsələn, “yalan danışma”, “haram yemə”, “danışanın sözün kəsmə”, “oğurluq etmə”, “eqoist olma” , “təbiəti sev” kimi ədəb qaydaları və dəyərli tərbiyə müddəaları erkən yaşda uşaqların sərt yaddaşına yazılmalıdır ki, vərdiş halını alsın. Belə olan halda digərləri üçün faydalı olan gənc nəsil böyüyər. Nobelçi alim Aziz Sancar hesab edir ki,“özünə güvənmək”; “cahilliklə mübarizə aparmaq”; “əxlaqlı insan olmaq”; “kitab oxumaq”; “yalan söyləməmək”; “təbiəti və heyvanları sevmək”; “düzə düz, yalana yalan demək” kimi ədəb qaydaları erkən yaşlarda məktəbdə öyrədilməlidir. Etnopedaqoq alim Q.Volkov yazırdı ki, xalqı ən təmiz halda uşaqlar təmsil edirlər. Uşaqlarda millilik ölərsə, bu artıq millətin ölməyə başlaması deməkdir. Tərbiyə milliliyi qoruyan zirehdir. Şüurlu varlıq olan uşaqlara elə təlim-tərbiyə verilməldir ki, onlar bu dünyaya dəyər yaratmağa gəldiyini başa düşsünlər. Başqa sözlə, qaranlıq dünyadan işıqlı dünyaya ac gələn insan oğlu bu dünyadan o dünyaya gözütox köçməlidir. Nəticə Xoşbəxt gələcəyə gedən yolun açarınıtapmaq təhsil və tərbiyəni düzgün qurmaqdan asılıdır. Gənc nəsilin yetişməsində tərbiyənin xüsusi yeri var və onun rolu təhsildən az deyil. Tərbiyənin cəmiyyətdə yeri, təhsildən fərqi, fəlsəfi məntiqlə araşdırılaraq aşağıdakı nəticələr əldə edilib.

Təhsil məktəbdə və hər yaşda mümkündür, tərbiyə isə ana qucağından başlayır, ancaq uşaqlıqda mümkündür. Təhsilin məzmunu zamana görə dəyişə bilər, ancaq tərbiyə zamana görə dayanıqlı olmalıdır. Millətlərin bir-birindən fərqlənməsi təhsillə yox, tərbiyə ilə bağlıdır. Tərbiyənin milli kimliyə təsiri təhsildən daha çoxdur. Tərbiyə həm təhsilin, həm də mədəniyyətin başlanğıcıdır. 2. Böyüdükcə uşaqların həyata baxış və düşüncələri dəyişdiyindən müxtəlif təhsil pillələrinin (məktəbəqədər, ümumi təhsil və ali təhsil)fəlsəfəsi qismən fərqli olmalıdır. Təhsil boyu sabit qalan müddəa belə ifadə edilib: şəxsi mənafe ilə doğulmuş uşaq təlim və tərbiyə vasitəsi ilə ictimai mənafe daşıyıcısına çevrilməlidir. Çünki ilahi istəyə görə bu dünyaya şəxsi mənafe ilə gələn insan oğlu, dünyasını ictimai mənafe daşıyıcısı kimi dəyişməlidir. 3. Tərbiyə prosesinin təbii subyekti anadır. Ancaq ananın rolu bildiyimizdən də böyükdür. Təbii istedadla doğulanların sonrakı taleyi anadan və onun səviyyəsindən asılıdır. Ana savadsız olarsa, talant itər, savadlı olarsa, talant itməz. Ananın savadlı olması və qayğı altında olması qaçılmaz şərti kimi ortaya çıxır. 4. Təlim-tərbiyə modeli olaraq içində maye olan stəkan təklif olunub. Bu modelə əsasən tərbiyə formanı, təhsil isə məzmunu əhatə edir. Forma olmayanda məzmun sahibsiz qalır. 5. Xaricilərin ölkəmizdə təhsil müəssisəsi açması mümkündür. Ancaq tərbiyə müəssisələrinin açılmasını nəinki xarici vətəndaşlara, heç yerli özəl şirkətlərə də etibar etmək olmaz. Çünki tərbiyənin milli təhlükəsizliklə görünməz üzvü ələqəsi mövcuddur.

  1. Təhsil vermək üçün dərsliklər yazılır və kitabxanalar var. Tərbiyə üçün dərslik yoxdur. Tərbiyə (öyüd, əxlaq) ali müddəalar şəklində mövcuddur. Analar onları əzbər bilirlər və laylalar, bayatılar, nəğmələr vasitəsi ilə tədricən körpələrə yedizdirirlər. Tərbiyənin müddəalarını tərtib etmək üçün, əsasən, milli-mənəvi dəyərlərdən və beynəlxalq təcrübədən istifadə etmək olar. 7. Məktəbəqədər təhsilin tədris proqramları uşaqların arzu və istəklərini nəzərə almaqla fərdi sevinci yaşada bilən mövzulardan təşkil olunmalıdır. Fərdi sevinci yaşatmaq və bölüşmək erkən yaşlarda tərbiyə edilməlidir ki, sərt yaddaşa yazılsın və vərdiş halını alsın. Müşahidələr göstərir ki, bəzi tədris materiallarının yadda qalması üçün musiqi fonundan istifadə olunması məsləhətdir. Müşahidələrə görə musiqinin yaddaşa təsiri müsbətdir. 8. İbtidai təhsilin fəlsəfəsi qismən fərqli olmalıdır. Belə ki, tədris planında fərdi sevinclə bərabər komanda sevinci yaşada bilən əyləncə və oyunlardan istifadə edilməlidir. Bu yaş dövründə də tərbiyə müddəaları vərdiş halına gəlməsi üçün yaddaşa yazılmalıdır. 9. Tədris planı elə tərtib edilməlidir ki, şəxsi mənafe ilə dünyaya gəlmiş uşaq böyüdükcə “mən”- düşüncəsindən “biz” düşüncəsinə keçə bilsin. Xoşbəxtliyə gedən yol, öz başlanğıcını “mən” yox, “biz” düşüncəsindən götürür. Çünki fərdin xoşbəxt olması hələ hamının xoşbəxt olması demək deyil. Ancaq toplumun xoşbəxt olması, hər kəsin xoşbəxt olması deməkdir. Şəxsi mənafe totalitarizmə, ictimai mənafe isə xoş gələcəyə aparır. 10. Postulat qəbul edərək kamillik anlayışına tərif verilib: hər bir məktəbli şəxsi və ictimai mənafe daşıyıcısıdır. Bu mənafelərin nisbi cəmi hər kəs üçün vahidə bərabərdir. Və ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti kamilliyinin ölçüsüdür. Postulat riyazi şəkildə belə ifadə edilib: Kamillik = ictimai mənafe / şəxsi mənafe. Bu düstur uğur düsturu adlandırılıb. Şəxsi mənafe anadangəlmə, ictimai mənafe isə sonradan yaranmadır. Kəsrin sürəti artdıqca kamillik, məxrəc artdıqca isə cahillik artar. Postulat həm fərd, həm də toplum üçüm doğrudur. Təzə doğulan körpənin kamilliyi sıfır, Allahın kamilliyi isə sonsuzdur. Tədqiqatlara əsaslanaraq demək olar ki, şəxsi mənafe ilə qaranlıq dünyadan işıqlı dünyaya ac gəlmiş insan oğlu, elə yaşamalıdır ki, işıqlı dünyadan qaranlıq dünyaya qayıdanda tox və ictimai mənafe daşıyıcısı olsun.

 

 

Bənzər yazılar