Bakı Mühəndislik Universitetində BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asanın iştirakı ilə “Ali təhsildə texnologiya transferi proseslərinin tənzimlənməsi” mövzusunda müzakirələr keçirilib.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə birgə təşkil olunan müzakirələrdə BMU-nun rektoru Yaqub Piriyev ÜƏMT rəsmisi Habip Asanın ötən gün universitet rektorları ilə keçirilən görüşünə toxunub, “Əqli mülkiyyətdə kommersiyalaşmanın rolu” ilə bağlı aparılan diskussiyaları olduqca səmərəli adlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlər əqli mülkiyyət sahəsində gerçəkləşdirilən mühüm islahatları önə çəkən rektor, eyni zamanda biliklərə əsaslanan yeni əsr iqtisadiyyatında əqli mülkiyyət, onda cəmlənən intellektual kapitalın önəmini və aktuallığını qeyd edib, habelə BMU-da tədqiqat, innovasiyanın inkişaf etdirilməsi, elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması üçün görülən işləri vurğulayıb.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov BMT rəsmisi Habip Asanın belə bir tədbirdə iştirakının əhəmiyyətinə diqqət çəkib, əslən Türkiyədən olan professor, patent sahəsində tanınmış mütəxəssisin bir sıra xarici qurumlarda aktiv fəaliyyətlərini qeyd edib. ÜƏMT ilə ölkəmizin səmərəli əlaqələrindən danışan Kamran İmanov Prezident İlham Əliyev tərəfindən əqli mülkiyyət sahəsində aparılan islahatları, əldə olunan uğurlu nəticələri, Əqli Mülkiyyət Agentliyindəki struktur dəyişikliklərini, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində atılan addımları nəzərə çatdırıb.
Kamran İmanov çıxışında ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədilə Agentlik tərəfindən görülən işləri vurğulayıb. Bu istiqamətlərdə universitetlərin qarşısında duran vəzifələr, texnologiyaların kommersiyalaşması və transferinin ön plana çəkilməsi, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi rolunun, innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması istiqamətlərində tövsiyələrini irəli sürən Kamran İmanov bu baxımdan görüşün və aparılan müzakirələrin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.
Sonra ÜƏMT-nin departament direktoru Habip Asan əqli mülkiyyət mövzusunda təqdimatla çıxış edib. O, insan beyninin məhsulu olan müxtəlif sahələrə aid ixtiraların patentləşdirilməsinə və inkişaf etmiş ölkələrdə əqli mülkiyyətin qazandırdığı gəlirlərə toxunub. Bildirib ki, hazırda bütün dünyada bilgini məhsula çevirmək, patentləşdirmək və real sektora, bazara təqdim etmək daha da aktullaşıb, çünki iqtisadiyyatın böyüməsi innovasiyalara əsaslanan iqtisadi inkişafla şərtlənir. Beynəlxalq qurum rəsmisi dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Azərbaycanda ali məktəblərin təhsil və tədqiqat, innovasiya, əqli mülkiyyət istiqamətli inkişafından danışaraq BMU-nun üçüncü nəsil universitet olma yönündəki fəaliyyətini, təhsil ocağının akademik heyətinin akademik sahibkarlığa marağını və konkret layihələr üzərində işləməsini yüksək dəyərləndirib.
Sual-cavab sessiyası ilə davam edən tədbirdə elmi nəticələrin kommersiyalaşdırılması, bu baxımdan ali təhsil ocaqları ilə sahibkarlıq subyektlərinin əlaqələrinin daha da inkişafı, habelə universitetlərlə Agentlik arasındakı sıx əməkdaşlığın müsbət tərəfləri qeyd olunub. Eyni zamanda BMU alimlərinin müzakirələrdəki çıxışlarında Əqli Mülkiyyət Agentliyində yaradılan PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sisteminin üstün cəhətlərinddən bəhs edilib. Ayrı-ayrı konktet nümunələrdə 24/7 rejimində fəaliyyət göstərən bu rəqəmsal informasiya sisteminin yaratdığı əlçatan mühit xüsusilə vurğulanıb.
Sonra BMU Texnoparkının direktoru İsa Qasımov innovasiyalar istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər, tələbələrin startap layihələrinə marağının artması, o cümlədən akademik sahibkarlıq əsaslı proqramların icrası ilə bağlı təqdimatla çıxış edib.
Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı və tələbələrin hazırladığı startaplarla yaxından tanış olublar. Tanışlıq zamanı yeni ideyalar əsasında hazırlanan startapların patentləşməsi məsələlərinə toxunulub.