13-15 dekabr 2024 – cü il tarixlərində Pedaqoji Universitetin SABAH qruplarının tələbələri Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilən “49-cu ICPC – Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 13-də keçirilmiş müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsində 23 ali təhsil müəssisəsindən ümumilikdə 174 komanda iştirak edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə 27 oktyabr tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş dörddə bir final mərhələsində (XX Azərbaycan Birinciliyi) 22 ali təhsil müəssisəsindən 51 komanda iştirak edib.
Müsabiqənin dörddə bir final mərhələsində komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Həllər avtomatik qiymətləndirmə sistemi ilə qiymətləndirilib.
Dörddə bir finalın nəticələrinə əsasəm ADPU-nun SABAH qrupları tələblərindən ibarət “ADPU SABAH 1” komandası (Yaqub Xəlilli, Röyal Adgözəlov, Fidan Həsənzadə, Etibar Seyidzadə (məşqçi) və Əlmusa Atamaliyev (həmməşqçi)) müəllimlik ixtisasları üzrə Azərbaycan və Cənubi Qafqazdan çempionatın yarımfinal mərhələsinə vəsiqə qazanan yeganə komanda olub.