Azərbaycan-Türkiyə İş Adamları Birliyinin maliyyə, Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin təşkilati dəstəyi ilə Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən “Ümumi təhsil müəssisələrində psixo-sosial və pedaqoji işin aparılması üzrə mütəxəssislərə uşaqların müdafiəsi sahəsində peşəkar bacarıqların aşılanması” layihəsi müvəffəqiyyətlə həyata keçirilib.
Təhsil Cəmiyyəti İctimai Birliyindən bildirilib ki, layihənin məqsədi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqlara uşaqların hüquqlarının müdafiəsi üzrə mövcud qanunvericilik barədə biliklərin aşılanması, risk qrupunda olan şagirdlərə sosial-pedaqoji dəstəyin göstərilməsi istiqamətində metodiki yanaşmalar barədə məlumatlılığın artırılması, müvafiq təlimat və metodik tövsiyələrin hazırlanması və onların tətbiq edilməsi mexanizminin öyrədilməsi olub.
Təlimlərə Dağlıq Şirvan, Mil-Muğan, Qazax-Tovuz, Lənkəran-Astara, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Şirvan-Salyan və Qarabağ Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 400-ə yaxın sosial pedaqoq cəlb edilib. Bununla yanaşı, sosial pedaqoqlara ilkin İKT bacarıqlarının artırılması istiqamətində də təlimlər keçirilib.
Gələcəkdə peşəkarlığın artırılması məqsədilə uşaq müdafiəsi sahəsi üzrə digər mövzular üzrə də təlimlərin keçirilməsi nəzərdə tutulub.