Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir 100 yaşlı jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkmək məqsədilə təşkil edilib.
Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan jurnalın 100 illik tarixi fəaliyyətinə toxunub. O bildirib ki, təhsillə bağlı aparılmış tədqiqatlar müasir dünyada hər bir uğurun təməlində təhsilin dayandığını göstərir. Məhz bu həqiqətləri cəmiyyətə çatdırmaq və müəllimlərə dəstək olmaq “Azərbaycan məktəbi” jurnalının əsas məqsədidir.
Sonra jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında “Azərbaycan məktəbi” jurnalının uzun illər ərzində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını, jurnalın təhsil sahəsində cərəyan edən prosesləri, yenilikləri və problemləri işıqlandırmaqla yanaşı, maarifçilik missiyasını da layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb. Nazir “Azərbaycan məktəbi” jurnalının uğurunun həm də tarixi köklərə bağlı olduğunu qeyd edib.
Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib.
Tədbirdə çıxış edən digər qonaqlar da “Azərbaycan məktəbi” jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, müəllimlərə dəstək kimi mühüm vəzifələri barədə danışıblar.
Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına Elm və Təhsil Nazirliyinin fəxri fərman və təşəkkürnamələri təqdim edilib.
Rəsmi açılışdan sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirə təşkil edilib. Baş redaktor Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktor müavini, pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü İlham Cavadov, “ADA” Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Dövlət Proqramı (University of Bath) məzunu Natəvan Qocayeva spiker qismində iştirak ediblər.
Panel müzakirəsində iştirak edən alim və doktorantlar, Dövlət Proqramı məzunları Azərbaycanda elmi potensialın artırılması istiqamətində təkliflərini səsləndiriblər.