“ADA” Universitetində hüquqşünaslıq üzrə magistratura proqramı tədris olunacaq.
“Report”un məlumatına görə, bu barədə proqramın açılış mərasimində məlumat verilib.
Qeyd olunub ki, LL.M proqramı (hüquqşünaslıq üzrə magistratura proqramı) tələbələri dövlət və özəl sektorda, həmçinin beynəlxalq şirkətlərdə uğurlu və rəqabətədavamlı karyera yolunda hazırlamaq üçün beynəlxalq təhsil təcrübələri əsasında hazırlanmış təhsil proqramı təklif edir.
Proqram hüququn biznes, dövlət siyasəti və texnologiya ilə kəsişməsindən yaranan çağırışlara fokuslanaraq, hüquqşünasların bilik, bacarıq və vərdişlərini inkişaf etdirməyi, onlara yerli və qlobal səviyyədə fundamental hüquqi problemlərin həllində analitik və innovativ yanaşmaları öyrətməyi hədəfləyib.
Sözügedən istiqamət üzrə təhsil haqqı Azərbaycan vətəndaşları üçün illik 8 min 500 AZN, əcnəbilər üçün isə 10 min 500 AZN nəzərdə tutulub.
Magistr proqramı 1 yay semestri daxil olmaqla, 5 semestri əhatə edəcək.
LL.M proqramı həm Azərbaycan, həm də İngilis dilində keçiriləcək.