Dekabrın 13-də Tacikistan Aqrar Universitetinin təşkilatçılığı ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Tacikistan Aqrar Universitetinin rektoru tədbiri açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verib.
Daha sonra çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlər barədə ətraflı danışıb. Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edən səfir dahi yazıçı və şairlərin Nizami Gəncəvi haqqında söylədikləri fikirlərdən nümunələr gətirib.
Qeyd edilib ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Azərbaycanda Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Həmçinin mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda, Minskdə, Romada və başqa şəhərlərdə heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Diqqətə çatdırılıb ki, Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Səfir çıxışında Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyini, Ulu Öndərin təşəbbüsü ilə hələ 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığını vurğulayıb.
Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini xatırladan səfir dahi Azərbaycan şairinin Tacikistanda da sevildiyini və ona ehtiram bəsləndiyini söyləyib.
Daha sonra Tacikistanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini, Tacik dili və ədəbiyyatı kafedrasının müdiri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tacikistandakı filialının müəllimi və başqaları çıxış ediblər.
Səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə” kitabı, həmçinin Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Şuşaya həsr olunmuş kitablar səfir tərəfindən universitetin kitabxanasına hədiyyə edilib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.