Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin “Dünyanın nəbzi mediada döyünür” adlı təqdimatı keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev universitetin tarixinə nəzər salıb. Vurğulayıb ki, BDU təkcə elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlamayıb, gənclərin vətəndaş kimi formalaşmasına əvəzsiz töhfələr verib.
Əliş Ağamirzəyev qeyd edib ki, keçmiş SSRİ-də ali jurnalistika təhsilinin əsası 1928-ci ildə məhz BDU-da qoyulub. Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan Jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunub. 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilib. Hazırda Jurnalistika fakültəsi BDU-nun istehsalata ən çox inteqrasiya edən fakültəsidir. BDU-nun, o cümlədən fakültənin Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası, müxtəlif telekanallar və agentliklərlə sıx əlaqəsi var. Son zamanlar fakültədə müxtəlif ixtisaslaşdırılmış auditoriyalar istifadəyə verilib.
Daha sonra Jurnalistika fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli qeyd edib ki, Azərbaycan jurnalistikası milli-mənəvi dəyərləri qorumaq, dövlətçilik maraqlarını müdafiə etmək baxımından daim həmrəylik nümayiş etdirir. Ölkə jurnalistləri 44 günlük Vətən müharibəsində həm peşə, həm də vətəndaşlıq borclarını yerinə yetirdilər: “Bütün bunlar müasir jurnalist kadrların yetişməsində faydalandığımız əsas məqamlardır. Jurnalistika fakültəsində Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi korifeylər dərs deyib. Biz də onların öyrətdiyi ənənələr əsasında gənc nəsli formalaşdırır, müasir jurnalistikamızın fundamentini daha da gücləndirməyə çalışırıq”.
“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev bildirib ki, Bakı Dövlət Universitetinin fakültələri arasında Jurnalistika fakültəsinin tam fərqli yeri var: “Biz burada təkcə informasiya, müsahibə, reportaj yazmaq öyrənməmişik, həm də təmizlik öyrənmişik”.
“ARB 24” telekanalının direktoru Radik İsmayılov bu gün BDU-nun Jurnalistika fakültəsinin tədris fəaliyyətinin təşkili ilə yanaşı, praktik səviyyədə biliklərin tətbiq edildiyi aktiv platforma rolunu oynadığını deyib. Qeyd edib ki, universitet və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən “NewsLab” təlim proqramları vasitəsilə indiyədək 17 nəfər BDU tələbəsi telekanalda işlə təmin olunub. Ümumilikdə “ARB24”də 54 nəfər BDU məzunu çalışır, onlardan 42-si Jurnalistika fakültəsinin məzunudur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Jurnalistika fakültəsinin məzunlarının müxtəlif dövlət qurumlarında BDU-nun adını ləyaqətlə təmsil etdiklərini bildiriblər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli hüquq-mühafizə orqanlarında çalışan jurnalistlərin peşə borcunu şərəflə yerinə yetirdiyini və ölkənin mənafelərini hər zaman qoruduğunu deyib.
Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.