13 dekabr 2024-cü il tarixində Respublika Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseydə təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyevin təşkilatçılığı ilə yuxarı sinif şagirdlərində maliyyə savadlılığının artırılması və kiçik biznesin yaradılması mövzusunda “Sən Sahibkarsan” adlı sinifdənxaric dərs keçirilmişdir.
Litseydən Mektebgushesi.az-a verilən məlumata görə, dərs məktəbin Əməkdar müəllimi Zabul Əhmədov tərəfindən aparılmışdır. Zabul Əhmədov bu sahədə üç illik təlimçi təcrübəsinə malikdir və dərs Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” təlim modulu əsasında hazırlanmışdır.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədri, professor Hikmət Əlizadə, Sosial Tədqiqatlar Mərkəzinin təhsil sektorunun müdiri Elmin Nuri, “Məktəb güşəsi” jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli, həmçinin təhsil eksperti Elşən Qafarov qonaq qismində iştirak etmişdir.
Dərs zamanı şagirdlərə biznesin qurulması ilə bağlı nəzəri biliklər təqdim edilmiş, onların biznes ideyaları müzakirə olunmuşdur. İşçi qruplar şəklində fəaliyyət göstərən şagirdlər kreativ biznes planlar hazırlamış və ən yaxşı planın təqdimatı həyata keçirilmişdir.
Dərsin sonunda qonaqlar öz təəssüratlarını bölüşmüş, dərsin yüksək səviyyədə təşkilini qeyd etmiş və şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.