Nazir müavini Firudin Qurbanov Quba- Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonuna səfər edib.
Nazir müavini Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və məktəbə qədər təhsil müəssisəsi rəhbərləri ilə görüşüb. Görüşdə həmçinin Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da iştirak edib.
Heydər Əliyev Mərkəzində baş tutan görüşdə ümumilikdə 84 nəfər təhsil işçisi olmaqla, 60 məktəb direktoru, 12 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə rəhbəri, 10 nəfər RTİ əməkdaşı iştirak edib.
Tədbirdə Firudin Qurbanov təqdimat ilə çıxış edib.
O qeyd edib ki, ölkənin qarşısında duran prioritet məsələ-XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Görüş zamanı təhsil sahəsində olan hədəflərdən danışılıb.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında region üzrə tədrisin təşkili ilə bağlı təkliflərini səsləndirib. Qusar RİH tərəfindən görülən işlər barədə məlumat verib. O əlavə edib ki, region təhsilində daha yaxşı nəticələrin əldə olunması üçün bütün resurslardan istifadə edilir. Ehtiyac duyulan resurslar barədə nazirliyə məlumat verilib.
Tədbirin davamında 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumtəhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz regional təhsil idarəsinin fəxri fərmanı ilə təltif olunublar
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.