Dərc olunub: 11.12.2024

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib.

Mərasimdə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müəllim-şagird heyəti, muzeyin əməkdaşları və onların övladları, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanda baş verən əhəmiyyətli hadisələrdən, ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan və nüfuzundan bəhs edib.

Azərbaycanın dünyada tutduğu mövqenin diqqət mərkəzində olduğunu söyləyən direktor vurğulayıb ki, 200-ə yaxın dövlətin yekdil qərarı ilə ötən ay Bakıda uğurla həyata keçirilmiş COP29 tədbiri Azərbaycanın bütün dünyada əhəmiyyətli ölkə olduğunu sübut edir. Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksələn nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir.

Gənclərin vətənpərvər, savadlı, bilikli olmalarının önəmini qeyd edən akademik Rafael Hüseynov onların çox böyük tarixi hadisələrə şahidlik etdiklərini və öz üzərlərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

Akademik Rafael Hüseynov “İşığı sönməyən Həbib bəy Mahmudbəyov” adlı  məruzəsini təqdim edərək bildirib ki, Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və mədəniyyətin inkişafı sahəsində xidmətlər göstərmiş ziyalılarımızdan biridir. O, nəslinin, şəcərəsinin ənənələrini kənara qoyaraq çətin yol seçib, elmə üz tutub, özü kimi fədakar və maarifpərvər insanları ətrafına toplayaraq rus-müsəlman kitabxanası yaradıb.

Diqqətə çatdırılıb ki, Həbib bəy Mahmudbəyovgörkəmli yazıçısı və ictimai xadimi Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirdikdən sonra Bakıda ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyub. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olub və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirib.

“Həbib bəy Mahmudbəyov pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan teatrının yaranması, təşəkkülü istiqamətində də mühüm xidmətlər göstərmişdir”, – deyə bildirən akademik Rafael Hüseynov vurğulayıb ki, Həbib bəy Mahmudbəyovun işığı, tarixi Azərbaycanda qoyduğu yol uğurla davam edib, o, böyük bir maarifçilər nəsli yetişdirib. Görkəmli ədib, həmçinin Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edib.

Həbib bəy Mahmudbəyovu bilikli, ziyalı, xeyirxah şəxsiyyət kimi xarakterizə edən direktor onun yeni nəsil Azərbaycan ziyalılarının yetişməsində böyük rolu olduğunu söyləyib. Akademik Rafael Hüseynov Azərbaycanda Həbib bəy Mahmudbəyovun xatirəsinin daim hörmətlə anıldığını bildirib. Qeyd edib ki, Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib. Bakıdakı 2 sayli Texniki-Humanitar Elmlər liseyinə Həbib bəy Mahmudbəyovun adı verilib.

Tədbirin ədəbi hissəsi muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Afət Qədirova, muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qənbərli və rəssam Elina Lobodenko tərəfindən hazırlanıb.

Daha sonra Həbib bəy Mahmudbəyovun adını yaşadan 2 saylı Texniki-Humanitar Elmlər liseyinin və digər məktəblərin şagirdlərinin ifasında Rus-Azərbaycan məktəbinin müəllimləri olmuş görkəmli ədiblərin və müdavimlərin əsərlərindən nümunələr səsləndirilib, səhnəciklər göstərilib.

Həmçinin 2 saylı Texniki-Humanitar Elmlər liseyinin  XI  sinif şagirdləri  İlham Əliyev satirik şair Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” şeirini, Murad Rəhimov Üzeyir Hacıbəyovun “Millət geridə qaldı” felyetonunu səsləndiriblər.

Tədbirdə VII sinif şagirdlərinin iştirakı ilə  Xalq şairi Süleyman Rüstəmin “Sağ ol, müəllimim Süleyman Sani!”, Abbas Səhhətin “İki uşaq”, Abdulla Şaiqin “Aslan, qurd və tülkü” və Sultan Məcid Qənizadənin “Nağıl” şeirləri  səsləndirilib. Bundan başqa,  Süleyman Sani Axundovun “Tutu quşu” nağılı, Tağı Şahbazi Simurqun “Quşlar kimi azadə” və Seyid Hüseynin “Yevlax-Şuşa yolu” əsərindən səhnəciklər göstərilib. Elçin Şəmiyev adına 149 saylı tam orta məkrtəbin VI sinif şagirdi Ayxan Məmmədov isə Cəfər Cabbarlının  “Salam” şeirini səsləndirib.

Sonda akademik Rafael Hüseynov tədbir iştirakçılarına Nizami Muzeyinin Fəxri fərmanlarını təqdim edib.