Diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
Mektebgushesi.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları diplomatik xidmət orqanlarının vahid sistemini təşkil edir. Azərbaycan Respublikasının səfirliyi və Azərbaycan Respublikasının təmsilçilik ofisi qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır. Azərbaycan Respublikasının daimi nümayəndəliyi və Azərbaycan Respublikasının nümayəndəliyi beynəlxalq təşkilatda və ya onun bölməsində Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır. Azərbaycan Respublikasının konsulluğu qəbul edən dövlətdə müvafiq konsul dairəsində Azərbaycan Respublikası adından konsul funksiyalarını həyata keçirən diplomatik xidmət orqanıdır.