“Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir.”
İlham Əliyev
Əgər belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi , hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir vaxtlar Nobel Sülh Mükafatı laureatı Teodor Ruzvelt də xəbərdarlıq edirdi ki, “İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir.” Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə təlim-tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir.
TehsilForumu.Az-a mözu ilə bağlı açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib ki, getdikcə sürətlənən qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların inkişafı və onun insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu arxa plana keçirib. Bu gün “TikTok”, “Messenger”, “İnstaqram”, “Teleqram” və s. sosial şəbəkələr yeniyetmə və gənclərə daha çox təsir güçünə malikdirlər, nəinki məktəb mühiti, müəllim və valideyn öyüd-nəsihəti… Qərbdən bizə transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparanların sayının artımı kimi təhlükəli tendensiya müşahidə olunmaqdadır. Ölkə başçısının da xüsusi olaraq vurğuladəğı kimi “qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Düzəlişlər isə lazımi zaman və lazımi məkanda edilməlidir. Əks təqdirdə yaranmış situasiya tam nəzarətdən çıxa bilər.
“Görkəmli rus pedaqoqu və metodisti A.A.Vaqin özünün “Metodlar haqqında təlim. Dərs nəzəriyyəsi” adlı kitabında yazırdı ki, tədris prosesində heç bir texniki vasitə, digər yüksək texnologiyalar müəllimin canlı sözünü, müəllim-şagird ünsiyyətini əvəz edə bilməz, heç bir təlim metodu canlı söz qədər təsir gücünə malik ola bilməz. Açığını deyim ki, hələ 1968-ci ildə nəşr olunan bu kitabı xeyli sonralar, artıq elmi-tədqiqat işlərimlə əlaqədar bir daha oxumalı oldum və bunun nə olduğunu öz şəxsi nümunəmdə dərk etdim. Bu misalı niyə çəkdim…?
Əgər desəm ki, mənim peşə seçimimdə, hələ V sinifdə oxuyarkən məhz böyüyəndə tarix müəllimi olacağım barədə fikrə düşməyimdə müəllimin şəxsi nümunəsi, onun inandırıcı şərhləri və izahları, hələ üstəlik mimika və jestikulyasiyası başlıca rol oynayıb, bəlkə də bir çoxları inanmaya bilər, yəni V sinifdə nə ixtisas seçmək, nə müəllim olmaq arzusu, deyə düşünər. Ancaq, necə deyərlər həqiqət həqiqət olaraq qalır, neçə illər keçsə belə.
Bir tarix müəllimimiz vardı, bizə “Qədim dünya tarixi”ndən dərs deyirdi. Dərsi o qədər canlı izah edirdi ki, sanki, baş verən hadisələrin bilavasitə iştirakçısı olub. Eramızdan əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol yaxınlığında olan qədim Pompey şəhərinin dağılması, fəlakətdən qaça bilməyən şəhər əhalisinin təşviş və qorxu hisslərini elə təsvir edirdi ki, sanki batmaqda olan şəhərin əzəmətli sütunları sənin üzərinə düşəcək… Sinifdə həyəcandan hətta parta altına əyilən uşaqlar da olurdu. Yaxud da mif qəhrəmanları olan Herakl və Prometeydən elə danışırdı ki, elə bil bunlarla onun salam-kəlamı olub.
Əlbəttə, o zaman xəritə və bir neçə illüstrasiyalı şəkildən başqa, heç bir vəsait olmamasına baxmayaraq, uşaqlar onun dərsinə gecikməmək üçün, hətta tənəffüs zamanı məktəb bufetinə baş çəkməkdən belə imtina edirdilər. Fakultativ adlanan məşğələlər dərs saatı statusuna bərabər tutular, az dərsi olan müəllimlərin təmınatı məqsədinə deyil, məhz uşaqların maraq və meyllərinin inkişaf etdirilməsinə xidmət edərdi. Sinfimizin yarıdan çoxu, məhz həmin müəllim tərəfindən aparılan fakultativ məşğələlərə böyük həvəs və maraq göstərərdilər/
Nə qədər acı olsa da, bir həqiqəti etiraf etmək zorundayıq ki, getdikcə müasir texologiyaların əsirinə çevrilərək, virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki cəhətdən, həm də mənəvi tərəfdən nəsə bir cılızlaşma prosesi getdiyi müşahidə edilir. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.
Bilik səviyyəmiz, seçdiyimiz peşəyə marağ və meyllərimiz nəzərə alınmaqla ali məktəbə sənəd verib-verməyəcəyimizi qabaqcadan qərarlaşdırardıq. Özünə güvəni olmayanlar o vaxtlar geniş şəbəkəyə malik texniki-peşə məktəblərinə üz tutub, müvafiq peşələrə yiyələnərdilər. Bir neçə ali məktəb, bir neçə ixtisas seçib, hüquqşünas olmaq istəyənin tarixçi, tarixçi olmaq istəyənin kitabxanaçı, həkim olmaq istəyənin əzcazçı və ya bioloq olmaq ehtimalı və narahatçılığı yox idi. İxtisas indiki kimi valideynin diktəsi və ya kortəbii diplom sevdası ilə seçilmirdi. Seçimdə əsas sima və istiqamətverici nüfuz sahibi müəllim idi və müəllim şagirdin gələcək taleyinin müəyyənləşdirilməsində də böyük rol oynayırdı.
İndi də özümüzə təsəlli tapmaq zərurəti qarşısında qalmışıq ki, “Hazırkı təhsilalanlar əvvəlki nəsildən daha bacarıqlıdırlar”. Bəli, bacarıqlıdırlar, robototexnika sahəsində, “TikTok”, “Messenger”, “İnstaqram”, “Teleqram” və s. sosial şəbəkələrdə əylənmək, qumar oyunlarına, mərc oyunlarına maraq göstərmək, “tiktokerlik”, “bloqerlik” etmək sahəsində, bizdən xeyli irəli gediblər. Qloballaşma “hazırkı təhsilalan”larla “əvvəlki nəsil” arasında qarşıdurma yaratmaq, “təhsil verən”ləri və “təhsilalan”ları robota çevirmək deyil, qloballaşma ayrı-ayrı ölkələrin təhsil sistemlərinin yaxınlaşması və milli-mənəvi dəyərlər saxlanılmaqla vahid ümumtəhsil məkanlarının formalaşması deməkdir. Nə qədər ki, sosial şəbəkələr özbaşına buraxılacaq, milli-mənəvi dəyərlərimizin aşınması da bir o qədər qaçılmaz olacaq…”