Dərc olunub: 06.12.2024

Ya ali hsilin llərinə yanaşma rzimiz yişlidir, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpılləli sistemə keçilməlidir.

Mektebgushesi.az xəbər verir ki, bu fikri təhsil eksperti Nadir İsrafilov “Bizim media”ya  açıqlamasında deyib:

Heç kəsə gizli deyil ki, son onilliklərdə gənclərin elmə marağının azalması birmənalıdır. Bu hal özünü açıq və aydın şəkildə büruzə verir. O da danılmazdır faktdır ki, fundamental elmlə məşğul olanların böyük əksəriyyətini, məhz yaşlı nəslin nümayəndələri təşkil edir. Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Onlar daha çox özəl sahəyə meyil göstərirlər. Gənclərin elmə marağanın azalmasının ən böyük səbəbi bu sahədə əməkhaqqının elə də yüksək olmaması ilə bağlıdır və əkəriyyət tərəfindən bu sosial təminatla izah olunur. Bir gənc haradasa başqa bir sahədə işləyərək daha çox əmək haqqı ala bilər. Gənclərin elmə həvəsi və marağının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmasını zaman-zaman bir çox rəsmilər də etiraf edib.

Təhsil Qanunvericiliyinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib. 

Magistratura təhsili isə ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. İndi gəlin görək, bəhs etdiyimiz qaydalar hansı səviyyədə, dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Gəncləri maqistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparılıb, magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsi təmin edir.

Maqistratura təhsili ölkəmizin Avropada ortaq təhsil məkanı yaratmaq ideyasına xidmət edən Bolonya prosesinə qoşulmağımızla əlaqədar təhsil sistemimizə daxil edilib. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin, gözləntilər özünü lazımınca doğrultmadı. Bir çox ölkələr iki pilləli – bakalavriat və maqistratura pllələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsi sisteminə keçmək barədə düşünürlər. Bu mənada biz də ya ali təhsilin pıllələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpılləli sistemə keçilməliyik. Son zamanlar nəinki, maqistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi baradə fikirlər səsləndirilir..

O ki, qaldı maqistraturanın qiyabi şöbəsinə, sanki, əyani maqistrların bütün problemləri həll olmuşdu, qalmışdı bircə qiyabiçilərin… Hələ ki, magistratura üzrə qiyabi təhsil mövcud deyil və buna ehtiyac da yoxdur. Bu gün hətta bakalavriatda bir çox ixtisaslar üzrə qiyabi şöbələr bağlanılir, o ki, qaldı maqistratura təhsili olsun. Bir də ki, elm cəfakeşləri üçün, bir növ qiyabi təhsili əvəz edə biləcək dissertantura var. Arzusunda olanlar, hər hansı bir mövzu götürüb, elmi-tədqiqat işləri ilə məşğul ola bilərlər. Təki istək olsun…