Xətai rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransı keçirilib.
Paytaxtdakı 27 və 86 nömrəli tam orta məktəblərin təşkilatçılığı ilə keçirilən konfransda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xətai rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz “Kiçik Akademiya”nın rəhbərləri il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə ediblər.
Konfransda şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və digər məzmunlu elmi-tədqiqat işlərini təqdim ediblər.
Qeyd edək ki, Bakının digər rayonlarının ümumi təhsil məktəbləri üzrə “Kiçik Akademiya”ların hesabat konfransları davam edir.