AMEA-nın Qafqazşünaslıq İnstitutu 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.
İnstitutdan bildirilib ki, direktor vəzifəsini icra edən dosent Ramilə Dadaşova elmi müəssisədə bu il 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 tədqiqat işi aparıldığını bildirib. Diqqətə çatdırıb ki, araşdırılan mövzular Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemlərini, Qafqazda dövlətlərarası münasibətləri, xarici ölkələrin region siyasətini əhatə edib.
Hesabat ilində institut üç mühüm elmi nəticəni təqdim edib. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)”, dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan – Türkiyə münasibətlərinə konseptual baxış”, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” kitabları nəşr olunub.
Həmçinin Şimali Qafqaz şöbəsinin müdiri dosent Vahid Ömərov, Naziyə Məmmədova və Nigar Mustafayevanın “Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” kitabı çap edilib. Liliya Mirzəzadə, Günay Feyziyeva və Şahnaz Rəhimovanın “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitabı işıq üzü görüb.
Bildirilib ki, hesabat dövründə “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq, “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” və “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzularında respublika elmi konfransları keçirilib. İnstitutda 14 dəyirmi masa, 5 elmi seminar və 1 kitab təqdimatı olub.
İnstitut əməkdaşlarının xaricdə 1 (Böyük Britaniya), Azərbaycanda 10 kitab və 1 tədris-metodiki vəsaiti, 158 məqalə və tezisi çap olunub. Məqalələrdən 55-i xarici ölkələrdə çap edilib. İmpakt faktorlu jurnallarda 6 məqalə dərc olunub.
Qafqazşünaslıq İnstitutunun beynəlxalq standart seriya nömrəsi almış, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutun “Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunda regiona dair müxtəlif məqalələr yer alıb.