Dekabrın 4-də Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Prime Cotton” MMC arasında əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Mektebgushesi.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, memorandum çərçivəsində kənd təsərrüfatı istiqamətli ixtisaslar üzrə qarşılıqlı kadr hazırlığı və müasir tədris plan və proqramlarının birgə hazırlanması məqsədilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Prime Cotton” MMC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması planlaşdırılır.
Görüşdə həmçinin kənd təsərrüfatı sahələri üzrə innovativ təhsil metodlarının tətbiqi ilə əlaqədar birgə addımların atılması, pambıqçılığı inkişaf etdirmək məqsədilə Agentliyin tabeliyində olan peşə təhsili müəssisələrində birgə fəaliyyətin həyata keçirilməsi və digər mövzular haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilən istiqamətlər üzrə birgə fəaliyyətinin səmərəli və faydalı olacağı vurğulanıb.
Qeyd edək ki, “Prime Cotton” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 15 pambıqçılıq rayonununda pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.