Dərc olunub: 05.12.2024

 

Nizami rayonunda yerləşən 10 nömrəli məktəbin məzunları arasında öz həyat yoluyla örnək olan və məktəbimizin adını şərəfləndirən şəxsiyyətlərdən biri də Ələkbərli İbrahim Gündüz oğludur.

Ələkbərli İbrahim 1994-cü il aprelin 14-də Gəncə şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri Nizami rayon 10 nömrəli məktəbin birinci sinfinə qəbul olunub. Ənənəvi dəyərlər və elmin ön planda olduğu bu məktəbdə o, dərslərinə yüksək maraq göstərmiş, bütün fənlər üzrə “əla” qiymətlər almış və nümunəvi bir şagird kimi yadda qalmışdır.

2011-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan İbrahim burada da uğur yolunu davam etdirmiş və 2015-ci ildə ali təhsilini “Qırmızı diplom”la başa vurmuşdur. Həmin il ordu sıralarına çağırılmış və gənclik enerjisini vətənin müdafiəsinə yönəltmişdir.

2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edən İbrahim qəhrəmanlığı ilə seçilmişdir. Onun fədakarlığı və əzmi 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində bir daha öz əksini tapmışdır. Müharibənin ilk günlərindən Füzuli rayonu uğrunda gedən döyüşlərdə ön cəbhədə vuruşmuş və 44 günlük müharibədə mərdliklə iştirak etmişdir. Füzuli və Xocavənddən başlayan döyüş yolu 8 noyabrda Şuşanın qələbəsi ilə tamamlanmışdır. Onun göstərdiyi igidlik yüksək qiymətləndirilmiş və o, müxtəlif orden və medallarla təltif olunmuşdur.

İbrahim Ələkbərlinin həm döyüş meydanında göstərdiyi qəhrəmanlıq, həm də onun gənclərə örnək olan həyatı Nizami rayon 10 nömrəli məktəbin kollektivi və məzunları üçün böyük qürur mənbəyidir. Onun ibtidai sinif müəlliməsi kimi mən, belə bir şagird yetişdirdiyim üçün fəxr edirəm.

İbrahim Ələkbərli adını tariximizə qızıl hərflərlə yazmış qəhrəmanlarımızdan biridir. Onun həyat yolu gənclərimizə vətənpərvərlik, fədakarlıq və təhsilin gücünə olan inamın canlı təcəssümüdür.