Məlum olduğu kimi, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub.
Bu yeniliyi şərh edən təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a bildirib ki, dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Bu gün cərrahları yaxın gələcəkdə “tibbi robotlar operatoru”nun əvəz edəcəyi, sinoptikləri “ətraf mühitin bərpası üzrə mühəndis”lərin, təyyarə və helikopterlərdə pilotları robotların əvəzləyəcəyi barədə söhbətlər gedir. Artıq Avropadakı bəzi məktəblərdə robotlar müəllimlik etməyə başlayıb. Hansısa texnoloqların yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyətinin əsasən, kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəkləri barədə proqnozlar özünü doğruldur:
“Bu gün əmək bazarını tərk edən peşələrdən yeni peşələr yaranır. Yəni, hər şey yeniləndiyi kimi, peşələr də yenilənir. Dünyada rəqəmsallaşma sürətlə artır. İnformasiya texnologiyaları, rəqəmsallaşma ilə bağlı olan ixtisasların üstünlük təşkil edəcəyi gözlənilir. Gələcəyin ritmini müəyyən edəcək peşələrin bu gün daha çox texnologiyalar ilə bağlı peşələr olması, işlərin bir çoxunun avtomatik olaraq yerinə yetirilməsi ilə razılaşmalıyıq. Süni intellekt mühəndisləri, ekologiya ilə bağlı olan ixtisaslar gələcəkdə mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə proqram mühəndislərinə ciddi ehtiyac olacaq. Bir çox ixtisaslar ümumiyyətlə, sıradan çıxacaq. Müasir dövrün tələbi odur ki, bu gün insanlar ən azı beş ildən bir öz ixtisaslarını yeniləməlidirlər, buna məcburdurlar. Bir neçə ixtisas var ki, onun gələcəkdə daha populyar olmaq ehtimalı yüksəkdir”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, zaman özü yeni ixtisasları diktə edir. Ona görə də zamana uyğun ixtisasa yiyələnmək lazımdır:
“Dövrümüz çox sürətlə dəyişir. 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Bu doğurdan da çox ciddi bir məsələdir”.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, gələcəyin ixtisasları informasiya texnologiyaları, təhlükəsizlik və ekologiya ilə bağlı olan ixtisaslardır. Gələcəkdə bu ixtisaslara və onlar üzrə mütəxəssilərə çox ehtiyac olacaq: “Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları nəinki bu günün, gələcəyin ixtisaslarıdır. Bu ixtisaslara bu gün çox ehtiyac var, gələcəkdə də olacaq. Hazırda beynəlxalq arenada karyera quran azərbaycanlıların yarısından çoxu bu ixtisasa yiyələniblər. Azərbaycanda da bu mütəxəssislərə tələb hər il artır. Kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir. Abuturiyentlər bu ixtisasın bakalavr pilləsini Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xarici universitetlərdən geri qalmayacaq səviyyədə oxuya bilirlər. Ancaq ali təhsil müəssisələrimizin heç birində gələcəyin ixtisasları sayılan yaşıl enerji və ekologiya ilə bağlı ixtisas yoxdur”.
Sevinc,
BakuPost