Dərc olunub: 04.12.2024

 

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb.

İnstitutdan  bildirilib ki, memorandum çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji maarifləndirmə nəzərdə tutulub. Həmçinin botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin bu prosesə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.

Memorandumu Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov imzalayıb.

Məktəbin direktoru və müəllim və şagird heyətinin iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun alimləri tərəfindən yaşıllaşdırma, qida təhlükəsizliyi və ekoloji maarifləndirməyə dair ustad dərsləri keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşürlar məktəbin kitabxanasına təqdim olunub. “Sabahın alimləri” müsabiqəsində iştirak edəcək şagirdlər üçün layihələr təqdim edilib və onlar tədqiqatlara cəlb olunublar.

 

Bənzər yazılar