Dərc olunub: 03.12.2024

“Azərbaycanda psixoloji xidmətlərin təşkili islahatlar tələb edir. Buna görə psixoloqların da sertifikasiyasının həyata keçirilməsi vacib amillərdəndir. Psixoloji xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı islahatlara məhz sertifikasiya prosesindən başlamaq uğurlu olar”.

Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyib.

O bildirib ki, sertifikasiyanın əhatə dairəsi getdikcə genişlənir, məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinin də bu prosesə cəlbi gözlənilir.

M.Vəliyevanın fikrincə, sertifikasiya nəticəsində müəllimlərin davamlı peşəkar inkişafına nail olmaq mümkündür: “Son zamanlar müəllimlərin diferensial əməkhaqqında artım müşahidə olunur. Bu da onların sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Digər tərəfdən, bu kimi proseslər təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edir. Sertifikasiya ilk vaxtlarda qəbul olunmurdu. Lakin proses öz bəhrəsini verdikcə cəmiyyət tərəfindən qəbul olunur. Bütün dünyada müəllim üçün inkişaf ən vacib şərtlərdəndir. Dünyada müəllimin inkişaf üçün müxtəlif modellərdən istifadə edilir. Azərbaycanda müəllimlərinin sertifikasiyası, sürətli inkişaf dövründə müasir yanaşmaların tətbiqi ömürboyu öyrənmə prosesinə qoşulmaq baxımından çox əhəmiyyətlidir. Əlbəttə, özünə əziyyət vermək istəməyən, bilik səviyyəsi aşağı olan müəllimlərin arasında sertifikasiya ilə bağlı narazılıq olacaq. Amma bütün bunlar o demək deyil ki, biz bu prosesi dayandırmalıyıq. Prosesdən uğurla keçən, diferensial əməkhaqqı sistemi əsasında maaşında artım alan müəllimlər sertifikasiyaya çox müsbət yanaşırlar”.

M.Vəliyeva ümumilikdə sertifikasiya prosesini Azərbaycan müəlliminin peşəkar inkişafı, sosial vəziyyətinin yaxşılaşdırılması və bunun nəticəsi olaraq, təhsilin keyfiyyətinin artırılması baxımından çox müsbət addım kimi dəyərləndirib.