Asiya ölkələrinə uşaq vaxtından maraq göstərib. Universitet seçimində bu marağının böyük təsiri olub. Cənubi Koreyada 16 il ərzində qazandığı təcrübə və geniş əlaqələr beynəlxalq səviyyədə şirkət qurmağına səbəb olub. Hazırda Koreya ilə Azərbaycan arasındakı əlaqələri daha yaxınlaşdıracaq layihələr üzərində işləyir. Söhbət “Korever Company”nin rəhbəri Rahil Əhmədovadan gedir.
Valyuta.az Rahil Əhmədova ilə karyerası ilə bağlı söhbətləşib.
Qeyd edək ki, R.Əhmədova Qubadlıda doğulub. Lakin erməni işğalı nəticəsində ailəsi Bakıya köçüb. Orta təhsilini Bakıda başa vurduqdan sonra Azərbaycan Dillər Universitetində Koreya və İngilis dili üzrə tərcümə fakültəsində təhsil alıb.
– Rahil xanım, 16 ildir ki, Cənubi Koreyada yaşayırsız. Koreyaya getməyiniz necə oldu?
– 2008-ci ildə Koreya Dövlət Təqaüd Proqramına müraciət etdim və həmin proqram vasitəsilə Koreyaya gəldim. İlk illərdə Keimyung Universitetində bakalavr, daha sonra Kyunpuk Milli Universitetində Biznes idarəetməsi fakültəsində magistr təhsili aldım. Koreyada təhsil almaq mənim üçün yalnız akademik bilik deyil, həm də fərqli mədəniyyətlərə açılmaq üçün fürsət idi. Burada yaşadığım müddətdə Koreyanın tarixini, mədəniyyətini və dilini dərindən öyrəndim. Həyat təcrübələrim mənim üçün bir dərs idi: məcburi köçkün olaraq yaşadığım çətinliklərdən tutmuş Koreyada tələbə kimi keçirdiyim ilk illərə qədər hər şey məni möhkəmləndirdi və müxtəlif insanlara kömək etmək istəyimi artırdı.
– Koreyada ilk işiniz hansı istiqamətdə oldu?
– Koreyaya gəldiyim ilk illərdə tələbə olaraq təhsil almağa fokuslandım. Lakin akademik fəaliyyətlə yanaşı, Koreyanın iş mühiti ilə tanış olmaq üçün çalışmağa başladım. İlk işlərimdən biri magistratura təhsil aldığım müddətdə Dünya Bazarlarının Araşdırılması üzrə Laboratoriyada oldu. Bu laboratoriya beynəlxalq bazarların tədqiqi və analizi ilə məşğul idi və burada mən beynəlxalq ticarət, marketinq strategiyaları və iqtisadi əlaqələr haqqında dərin biliklər qazandım.
Bu iş mənə Koreyanın qlobal iqtisadiyyatdakı mövqeyini daha yaxşı anlamaq və beynəlxalq əməkdaşlıq sahəsində təcrübə qazanmaq üçün böyük fürsət yaratdı. Koreyada işləmək yüksək səviyyədə dəqiqlik, vaxt idarəetməsi və detallara diqqət tələb edir. Laboratoriyada çalışarkən koreyalı həmkarlarımın işlərinə necə ciddi yanaşdıqlarını gördüm və bu iş mühiti mənim də peşəkar bacarıqlarımı formalaşdırmağa kömək etdi.
Koreyada yaşamaq və işləmək ilk vaxtlar çətin idi, çünki həm dili, həm də mədəniyyəti tam mənimsəmək lazım idi. Amma bu təcrübələr mənim adaptasiya qabiliyyətimi artırdı. Koreyada uğur qazanmaq üçün bir tərəfdən yerli iş qaydalarına uyğunlaşmaq, digər tərəfdən isə öz bacarıq və ideyalarını inamla təqdim etmək çox vacibdir. Bu təcrübələr mənim sonrakı fəaliyyətlərim üçün möhkəm təməl yaratdı.
Beləliklə, Dünya Bazarlarının Araşdırılması Laboratoriyası mənim beynəlxalq biznes sahəsindəki ilk addımlarımın atıldığı yer oldu və bu təcrübə Koreyada gələcək uğurlarım üçün mühüm rol oynadı.
– Koreyanın televiziya və radio verilişlərində aktiv şəkildə çıxış edirsiz. Son zamanlar Koreyaya, orda yaşamağa, təhsilə maraq artıb. Hazırda Koreyada ölkəmiz, vətəndaşlarımız haqqında düşüncə necədir?
– Son illərdə Azərbaycan Koreyada daha çox tanınmağa başlayıb. Mən də televiziyada, radio proqramlarında və müxtəlif tədbirlərdə iştirak edərək ölkəmizi tanıtmaq üçün əlimdən gələni edirəm. Koreyalılar Azərbaycanın zəngin mədəniyyətini, musiqisini və qonaqpərvərliyini öyrəndikcə ölkəmizə olan maraqları artır. Bir neçə il əvvəl, Azərbaycanın Koreyada bu qədər tanınmadığını müşahidə edirdim və bu məni məyus edirdi. Buna görə, ölkəmizi tanıtmaq üçün böyük bir məsuliyyət hiss etdim.
Hazırda Azərbaycandan Koreyaya təhsil almaq və yaşamaq üçün gələnlərin sayı artır. Azərbaycanlı tələbələr burada uğur qazanmaq üçün çalışır və bu da Koreyada bizim haqqımızda müsbət fikir formalaşdırır. Mən də çıxışlarımda Azərbaycan haqqında ətraflı danışaraq, ölkəmizin müsbət imicini möhkəmləndirməyə çalışıram. Koreyalılar Azərbaycanı qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkə kimi qəbul etməyə başlayırlar.
– Koreya prezidenti və xanımı ilə reklam təcrübəniz də olub. Həmçinin bu reklama ailəniz ilə birlikdə çəkildiniz.
– Koreya Prezident Sarayında çəkilən reklam filminə dəvət almaq mənim həyatımın ən unudulmaz anlarından biri idi. Reklam Gender Bərabərliyi və Ailə Nazirliyinin təşəbbüsü ilə hazırlanmışdı və çoxmədəniyyətli ailələrin əhəmiyyətini vurğulayırdı. Mənim ailəm bu reklamda yer aldı və biz Prezident Yoon Suk Yeol və birinci xanım Kim Keon Hee ilə birlikdə iştirak etdik.
Prezident Sarayında çəkiliş mənim üçün çox həyəcanlı idi. Reklamın əsas məqsədi Koreyada çoxmədəniyyətliliyi təbliğ etmək və müxtəlif mədəniyyətlərin Koreya cəmiyyətinə gətirdiyi dəyərləri vurğulamaq idi. Qızımın da bu reklama daxil olması mənim üçün qürur mənbəyi idi. Bu reklamda iştirak etmək Koreyada çoxmədəniyyətli ailələrin cəmiyyətə inteqrasiyasının nə qədər vacib olduğunu bir daha göstərdi.
– Koreyanın universitetlərində, ali və orta təhsil məktəblərində, şirkətlərdə dərs keçirsiz. Hansı mövzularda tədris aparırsız?
– Əsas mövzularım mədəni müxtəliflik, Azərbaycan mədəniyyəti, multikulturalizmin əhəmiyyəti və beynəlxalq iş əlaqələridir. Mən dərslərimdə Azərbaycanı təqdim etməyə və koreyalı tələbələrə Azərbaycanın zəngin tarixi və mədəniyyətini öyrətməyə xüsusi diqqət yetirirəm.
Bununla yanaşı, beynəlxalq biznesdə mədəniyyətlərarası ünsiyyət və inteqrasiya yolları barədə seminarlar təşkil edirəm. Mənim məqsədim yalnız Azərbaycan mədəniyyətini tanıtmaq deyil, həm də tələbələrə müxtəlif mədəniyyətlər arasında körpü qurmaq üçün biliklər verməkdir.
– Keçən il Seulun fəxri vətəndaşı seçildiniz. Seulun fəxri vətəndaşı adını necə qazandınız, sizin üçün nə kimi üstünlükləri var?
– Bu, mənim Koreyada 10 ildən artıq göstərdiyim fəaliyyətlərin yüksək qiymətləndirilməsi idi. Fəxri vətəndaşlıq çoxmədəniyyətliliyin təbliği, əcnəbi sakinlərin hüquqlarının müdafiəsi və onların Koreya cəmiyyətinə inteqrasiyasına verdiyim töhfələrə görə təqdim edildi.
Fəxri vətəndaşlıq mənim üçün böyük şərəf idi. Bu ad Koreya cəmiyyətində mənim fəaliyyətimin nə qədər dəyərləndirildiyini göstərir. Bu status mənə Koreyada daha geniş platformalarda iştirak etmək və yeni layihələr həyata keçirmək imkanı yaradır. Mənim fəaliyyətim həm Koreyada, həm də Azərbaycanda daha çox insanın çoxmədəniyyətlilik və inteqrasiya mövzularında məlumatlanmasına kömək edir.
Bu ad, eyni zamanda, Koreya ilə Azərbaycan arasındakı əlaqələrin daha da güclənməsinə xidmət edir. Bu mövqedən istifadə edərək hər iki ölkəni daha yaxınlaşdıracaq layihələr üzərində işləyirəm.
– Rəhbəri olduğunuz “Korever Company” və Türkiyənin “Eventi Venti” şirkətinin təşkilatçılığı ilə İstanbulda “K-pop” qrupunun konsertini təşkil etdiniz. İstərdim “Korever Company” yaranma səbəbi və fəaliyyəti haqqında ətraflı məlumat verəsiniz.
– “Korever Company” beynəlxalq biznes məsləhətçiliyi sahəsində fəaliyyət göstərən şirkətdir və əsas missiyamız Koreya ilə dünyanın müxtəlif ölkələrini birləşdirməkdir. Şirkətimizin şüarı “Koreyanı dünyaya bağlayırıq”dır, bu da fəaliyyətimizin əsas istiqamətini çox dəqiq ifadə edir. “Korever Company” olaraq biz, xüsusilə Koreya, Türkiyə, Azərbaycan və Avropa ölkələri arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə fokuslanırıq. Koreyada müxtəlif mədəniyyətlərdən olan insanlarla işləmək və Koreya hökuməti ilə yanaşı, fərdi bizneslərə də dəstək vermək mənə güclü bir şəbəkə yaratmaq imkanı verdi. “Korever Company”ni qurmaqla Koreyada fəaliyyət göstərən və xaricə açılmaq istəyən bizneslərə, eləcə də Koreya bazarına girmək istəyən xarici şirkətlərə peşəkar dəstək veririk.
– Fərdi bizneslərə, xarici şirkətlərə peşəkar dəstək verdiyinizi vurğuladınız. Burda hansı xidmətlər nəzərdə tutulur?
– Şirkətimiz bizneslərin beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Koreyadan Türkiyə, Azərbaycan və Avropa ölkələrinə ixrac etmək istəyən şirkətlərə logistika, marketinq və hüquqi dəstək veririk. Əksinə, xarici şirkətlərin Koreyada öz məhsullarını və xidmətlərini təqdim etmələrinə də yardım edirik.
Həmçinin bizneslərin inkişafı üçün strateji məsləhət xidmətləri göstəririk. Bu Koreyada fəaliyyət göstərmək istəyən əcnəbi bizneslərə Koreya bazarını anlamağa, əməkdaşlıq əlaqələri qurmağa və yerli qaydalara uyğunlaşmağa kömək edir.
– İstanbulda təşkil etdiyiniz tədbir Türkiyə və Koreya arasında mədəniyyət körpüsü qurmağa kömək etdi. Bu kimi əməkdaşlıqlar başqa ölkələrdə də təşkil olunacaqmı?
– Bizim məqsədimiz yalnız Koreya ilə digər ölkələri əlaqələndirmək deyil, həm də bu kimi əməkdaşlığı davamlı və dəyərli etməkdir. Koreyada qazanılan təcrübə və biliklər bizə dünya səviyyəsində uğurlu layihələr həyata keçirmək üçün imkan verir. Bu fəaliyyətlər “Korever Company”nin bütün region üçün mühüm bir oyunçu olmasına şərait yaradır. Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün çalışırıq və “Korever Company”nin dünyanı birləşdirmək missiyasını davam etdirəcəyik.
Maya Hüseynova