Qlobal meyillər təhsil sistemində yeni çağırışları formalaşdırır. Yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı təhsil proqramları ortaya qoyulmalı, əmək bazarının tələblərinə cavab verməlidir.
Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev SABAH tələbə-məzun forumu və karyera sərgisində deyib. Onun sözlərinə görə, təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə olunmalıdır: “Əmək bazarı da bu prosesə hazır olmalıdır. Əgər işəgötürənlər namizəddən bacarıqlar tələb edirsə, onda bu prosesdə iştirak etməlidirlər. Gənclərin karyera planlanması erkən dövrdə aparılmalıdır. Təhsil məqsədlərin reallaşdırılması üçün alətdir. İlk olaraq gənclər özləri imkanlarını, bilik və bacarıqlarını qiymətləndirməlidirlər.
Əmək bazarı təhlil edilməli, müasir meyillər, bacarıqlar, ixtisaslar araşdırılmalıdır. Əmək bazarında yer alan gənclər öz bacarıqlarını təkmilləşdirməlidirlər.
İnsan ömür boyu təhsil almalı, təhsil alətlərindən istifadə edərək bacarıqlarını formalaşdırmalıdır.
Ali təhsil müəssisələrində yer alan karyera inkişafı mərkəzləri təkmilləşdirilməlidir, prosesə təcrübəli şəxslər cəlb olunmalıdır. Bütün tələbələr prosesə cəlb edilərək karyera planlanması aparılmalıdır”.
Xəbəri sosial şəbəkələrdə paylaşın