Dərc olunub: 02.12.2024

 

27-29 noyabr tarixlərində Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “Level Up” karyera forumu keçirilib.

2 mərhələdən ibarət olan forumun I mərhələsində “Şəxsi inkişaf və karyera planlaması” mövzusunda panel müzakirə təşkil edilib. Müzakirələrdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, beynəlxalq biznes sertifikatlı təlimçi Toğrul Ələkbərov, “Panda School” uşaq inkişaf mərkəzləri və “Ellin” MMC-nin təsisçisi Elvin Dadaşsoy, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin direktoru, təhsil və karyera məsləhətçisi Şəhriyar Laçınov və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Xidmət inkişafı və innovasiyalarşöbəsinin müdiri, təlimçi Pərviz Əfəndizadə iştirak edib.

Panel müzakirədə “Qubadan dünyaya marafon”, “Öz biznesinə başla”, “İntizam – özünə etdiyin ən böyük yaxşılıq”, “Karyerada davamlılıq” mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən ADPU-nun Quba filialının direktoru dos. Yusif Alıyev gənclərin şəxsi inkişaf və karyera planlaşdırılmalarının doğru isitqamətləndirilməsi baxımından forumun əhəmiyyətinin yüksək olduğunu qeyd edib. Y.Alıyev filialın hər zaman bu kimi inkişafyönümlü layihələrə dəstək göstərdiyini bildirib.

Forumun II mərhələsində ADPU-nun Quba filialında əmək yarmarkası təşkil edilib. Əmək yarmarkasında iştirakçılara  rayonda fəaliyyət göstərən müxtəlif təşkilat, qurum və şirkətlər tərəfindən elan olunmuş vakansiyalar, təcrübə və könüllülük proqramları təklif edilib, mövcud vakansiyalar haqqında məlumatlar verilib. Gənclər sərgi stendlərinə yaxınlaşaraq vakansiya müraciəti etmək, vakansiyalar haqqında ətraflı məlumat almaq və suallarına cavab almaq şansı əldə ediblər.

Bənzər yazılar