Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzər Texniki Konfransı və Sərgisində və “Tələbə liderlərinin sammiti”ndə iştirak ediblər.
Tədbirdə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) ADNSU tələbə bölməsinin üzvləri olan Qaz-neft-mədən fakültəsinin IV kurs tələbəsi İlham Məmmədxanov, Energetika fakültəsinin III kurs tələbəsi Ayan Novruzova, Kimya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Ruslan Fəzidov, SABAH qruplarının kimya mühəndisliyi IV kurs tələbəsi Fəzilə Şirəlizadə, həmçinin SOCAR-ın “Çalışqan tələbə” təcrübə proqramının qalibləri – neft-qaz mühəndisliyi IV kurs tələbəsi Aytəkin Kazımova, SABAH qrupları neft-qaz mühəndisliyi tələbələri Araz Əkbərov və Fərid Mirzəli iştirak ediblər.
Tələbələr tədbir çərçivəsində neft-qaz sənayesindəki texnoloji yeniliklər, dayanıqlı enerji həlləri və sənayedə ekoloji yanaşmalar kimi aktual mövzular üzrə müzakirələrdə iştirak edərək bilik və təcrübələrini artırıblar. Eyni zamanda, “Tələbə liderlərinin sammiti”ndə müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Qazaxıstan və Belarusdan olan tələbələrlə birgə komandalar şəklində işləyərək praktiki və nəzəri məsələlər üzərində çalışıblar. ADNSU tələbələrinin daxil olduğu komandalar yüksək nəticələr əldə edərək ilk üç yerə layiq görülüblər.
İlham Məmmədxanovun daxil olduğu komanda “Neft çöküntülərinin yenidən yeraltına vurulması” adlı layihəni təqdim edərək üçüncü yerə layiq görülüb. Ruslan Fəridovun daxil olduğu komanda “Süni intellekt əsaslı litium çıxarılması üçün dayanıqlı həllər və su resurslarının bərpası” adlı layihə ilə çıxış edib. Ayan Novruzovanın daxil olduğu komanda isə “Yandırılan qazların bərpası sistemi” layihəsini təqdim edərək birinci yerə layiq görülüb.