3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək.
Forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi”, “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil ediləcək.
Forumun ikinci günündə isə “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.
Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı, SABAH karyera sərgisi, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.