Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Tarix fakültəsinin Mənəviyyatın əsasları və hüquqi təhsil ixtisasının III-IV tədris ili tələbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbə mübadiləsində iştirak edirlər.
Noyabrın 28-də tələbələr ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüşüblər.
Görüşdə tələbələrə ADPU-nun beynəlxalq fəaliyyətləri haqqında ətraflı məlumat verilib. Professor M.Hüseynova, eyni zamanda, tələbələrə akademik mübadilə çərçivəsində fəaliyyətlərində uğur qazanmaq üçün müvafiq dəstək göstəriləcəyini vurğulayaraq, hər hansı çətinliklə qarşılaşacaqları halda operativ şəkildə hər cür dəstəyin göstəriləcəyini qeyd edib.
Özbək tələbələrin mübadiləsi 26 noyabr – 29 dekabr tarixləri arasında davam edəcək. Bu müddət ərzində tələbələr ADPU-nun Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının mühazirələrində iştirak edəcək, tələbə və müəllim heyəti ilə müzakirələr apararaq yeni təcrübələrə yiyələnəcəklər.
Qeyd edək ki, Pedaqoji Universitetlə DDPU arasında hər iki ölkənin dili, tarixi, mədəniyyəti, təhsil sistemi ilə tanışlıq və universitetlərin elmi və tədris sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə 2022-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində mütəmadi olaraq tələbə və müəllim mübadilələri həyata keçirilir. Ötən tədris ilinin payız və yaz semestrlərində DDPU-nun Musiqi müəllimliyi və İngilis dili və ədəbiyyatı ixtisaslarının tələbələri də ADPU-da mübadilə iştirak ediblər.