Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2024-2025-ci tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrlə görüşüb.
Əcnəbi tələbələri BMU-da görməkdən məmnun olduğunu vurğulayan rektor xarici ölkə vətəndaşlarının təhsili, asudə vaxtlarının təşkili, habelə onların yataqxana ilə təminatı üçün yaradılmış şəraitdən danışıb. Yaqub Piriyev builki qəbulda ilk dəfə əcnəbi tələbə sayının 4 dəfə artmasını universitetin inkişafı, beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə izah edib. Xarici tələbələr arasında mühəndislik ixtisaslarını daha çox qızların seçməsini təqdirəlayiq hal kimi qiymətləndirən ali təhsil ocağının rəhbəri onların bu sahədə yaxşı mütəxəssis olacaqlarına inandığını bildirib.
Müvafiq statistik göstəricilərə toxunulan görüşdə nəzərə çatdırılıb ki, bu il BMU-ya 81 xarici tələbə qəbul olub. Ümumilikdə 21 ölkədən olan tələbələr əsasən kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, o cümlədən maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, biotexnologiya və digər ixtisaslarda təhsil almağa üstünlük veriblər.
Səmimi atmosferdə davam edən görüşdə Yaqub Piriyev əcnəbi tələbələrin təhsilləri, imtahanlara hazırlıqları, universitetin ictimai həyatında iştirakları, eləcə də Azərbaycanla bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini və təkliflərini dinləyib. Tələbələrin qaldırdıqları bır sıra məsələlər yerindəcə araşdırılıb, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, araşdırma tələb edən təkliflər isə qeydə alınıb. Eyni zamanda rektor aidiyyəti strukturların rəhbərlərinə əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların istənilən problemlərinin həllinə kömək etməyi tapşırıb.
Görüşdə iştirak edən tələbələr BMU-da təhsilin səviyyəsindən, ümumilikdə yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını deyib, səmimi görüş üçün rektora təşəkkürlərini bildiriblər.