Bakı Avrasiya Universiteti (BAAU) ölkənin aparıcı təhsil müəssisələrindən biri kimi, tələbə və məzunlarının gələcək karyeralarında uğur qazanmaları üçün geniş imkanlar yaradır. Universitet təhsilalanların nəzəri biliklərini praktik bacarıqlara çevirmək məqsədilə dövlət, özəl sektor və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıqlar etməkdədir. Bu əməkdaşlıqlar tələbələrin təcrübə qazanması, peşəkar əlaqələr qurması və məzun olduqdan sonra iş imkanlarına sahib olması üçün güclü bir təməl yaradır.
BAAU-nun tərəfdaşları arasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ticarət və Sənaye Palatası, Təhsil Tələbə Krediti Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu kimi dövlət qurumları ilə yanaşı, “Babək Plaza” MMC, “Libra Kitab” MMC, Referans klinikası və “Fiesta” MMC kimi özəl qurumlar var. Həmçinin, Avropaya İnteqrasiya İctimai Birliyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti kimi qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq universitetin sosial-ictimai əhəmiyyətli təşəbbüslərdə fəal iştirakını nümayiş etdirir.
Bu əməkdaşlıqlar çərçivəsində tələbələr müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkarların təcrübəsindən faydalanır, real iş mühitində öz bacarıqlarını artırır və əmək bazarına uyğun praktiki biliklər əldə edirlər. Bu yanaşma yalnız tələbələrin inkişafına deyil, həm də ölkənin iqtisadi və sosial inkişafına töhfə verməyi hədəfləyir.
Edilən əməkdaşlıqlar çərçivəsində nəzərdə tutulan təcrübə imkanları tələbələrin müxtəlif sektorlarda fəaliyyət göstərən müəssisələrdə iştirakını təmin edir. Bu tələbələrə yalnız öz ixtisasları üzrə biliklərini təkmilləşdirmək deyil, həm də işgüzar əlaqələr şəbəkəsi qurmaq imkanı verir. Bundan əlavə, tələbələr qurulan əməkdaşlıqlar çərçivəsində BAAU-nun professor-müəllim heyəti ilə yanaşı, müxtəlif sahələrdən olan təcrübəli kadrların real iş dünyasına inteqrasiya üçün vacib olan təcrübələrini öyrənməsi üçün şərait yaranacaq.
BAAU-nun bu istiqamətdə atdığı addımlar, ali təhsilin yalnız bilik öyrətməklə kifayətlənmədiyini, həm də praktik biliklər qazandıraraq tələbələri uğurlu gələcəyə hazırlamaq məqsədi daşıdığını bir daha sübut edir. Universitetin təhsil və sənaye müəssisələri ilə sıx əlaqələri, məzunlarının əmək bazarında rəqabətə davamlı olmasını təmin edir və onların fərqli sahələrdə aparıcı mövqelərdə olmasına şərait yaradır.
Qeyd edək ki, BAAU-nun təhsil və sənaye əməkdaşlıqlarını artırmasının səbəbi həmçinin, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Keyfiyyətli təhsil” (SDG 4) ilə birbaşa əlaqəlidir. BAAU təhsil və sənaye əməkdaşlığını gücləndirərək tələbələrin gələcək karyeralarını qurmasında və onların bilikli, təcrübəli, rəqabətədavamlı peşəkarlar kimi yetişməsində mühüm rol oynayır.