AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan bildirilib ki, jurnalın akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş rubrikasında akademik Gövhər Baxşəliyevanın “Zaman anlamının fövqündə duran böyük alim” və özbəkistanlı professor Həmidulla Boltaboyevin “Mərkəzi Asiyanın mədəniyyət tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında” adlı məqalələri, eləcə də Şərqşünaslıq İnstitutunda yubileylə bağlı keçirilmiş konfrans haqqında məlumat yer alır.
“Ədəbiyyat” bölməsində Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələrindən fədai şair Sədi Yüzbəndi və Hüseyn Məhəmmədzadə Sədiq Düzgünə həsr olunmuş məqalələr təqdim edilir.
Jurnalda, həmçinin Şərqşünaslıq İnstitutunda aparılan ən yeni tədqiqatlar, elmi müəssisənin alimlərinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu, beynəlxalq tədbirlərdə iştirakı barədə məqalələrlə tanış olmaq mümkündür.
Bundan əlavə, təltif olunan şərqşünaslar, institutda çap olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumatlar da jurnalın səhifələrində yer alır.