Dərc olunub: 21.11.2024

 

Hər il noyabr ayının üçüncü cümə axşamı Ümumdünya Fəlsəfə Günü kimi qeyd edilir.

Mektebgushesi.az  xəbər verir ki, builki Ümumdünya Fəlsəfə Günü sosial boşluqların aradan qaldırılmasına həsr edilib. 2002-ci ildə təsis edilmiş bu əlamətdar günün qeyd olunmasında məqsəd bəşər təfəkkürünün inkişafı, hər bir mədəniyyət və fərd üçün fəlsəfənin əhəmiyyətini vurğulamaqdır.

Fəlsəfə cəmiyyətləri dəyişdirə bilən elm və gündəlik təcrübədir. Dünyadakı intellektual cərəyanların müxtəlifliyini kəşf etməyə imkan verməklə fəlsəfə mədəniyyətlərarası dialoqa, daha tolerant cəmiyyət qurmağa kömək edir. Cəmiyyətdə dəyişiklik üçün intellektual şərait yaradan fəlsəfə müasir çağırışları anlamaqda və onlara cavab verməkdə mühüm rol oynayır.

Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Azərbaycanın fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi yer tutur. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.

Bənzər yazılar