Dərc olunub: 19.11.2024

Noyabrın 18-də Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti “Saïd Business School” və “Burjeel” Holdinqin təşkilatçılığı ilə COP29 çərçivəsində “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb.
Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə keçirilən müsabiqəyə 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır.

Ümumilikdə şagirdlərdən ibarət 5 komanda və 5 müəllim final mərhələsində iştirak hüququ qazanıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də iştirak etdiyi final mərhələsində şagird komandaları və müəllimlərin təqdimatları münsiflər tərəfindən qiymətləndirilib.
Çıxış edən qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər.
Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib.

Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqəni müəllim və şagirdlər üçün təcrübə qazanmaq baxımından yaxşı imkan kimi dəyərləndirərək əlavə edib ki, müxtəlif ölkələrin təcrübələrini bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm şagirdlər, həm də onların müəllimləri üçün uğurlu bir səyahətin başlanğıcı sayıla bilər.

Çıxışlardan sonra qalib şagird və müəllimlər mükafatlandırılıblar.

Eyni gündə Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti “Saïd Business School” COP29  çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsi də təşkil edib.
Müzakirənin məqsədi qlobal iqlim fəaliyyətinə təkan vermək üçün təhsil və innovasiyanın gənc liderləri necə inkişaf etdirə biləcəyini araşdırmaq olub.

Panel müzakirədə Sumqayıt Dövlət Universiteti, Oksford Universitetinin “Saïd Business School”, “Burjeel” Holdinq, İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansı, Şiv Nadar Universitetinin nümayəndələri çıxış ediblər.

Panel iştirakçıları gənclərin dəyişikliklər üçün katalizator kimi səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşüblər. Paneldə həmçinin iqlim fəaliyyətlərini təhsilə inteqrasiya etmək üçün uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunub.

Bənzər yazılar