Dərc olunub: 18.11.2024
Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura səviyyələrində 23 mindən çox tələbəsi və 3 mindən çox müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub.

Bu barədə BDU-dan məlumat verilib.

Xatırladaq ki, Azərbaycanda COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar təhsil pilləsi üzrə tədris və təlim-tərbiyə prosesi noyabrın 12-dən 22-dək distant formada təşkil edilir.

BDU 2021-ci ildən etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlıq edir. “Blackboard” – tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbə və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. BDU-nun təşəbbüsü ilə “Blackboard” sisteminin Azərbaycan dilli versiyası da yaradılıb. Bütün dərslərin modulları ilk dəfə olaraq istifadəçilərə Azərbaycan dilində təklif edilib. Bundan başqa, bütün istifadəçilərə “Blackboard”ın “Ultra” variantından istifadə etmələri üçün şərait yaradılıb.

Sadə və intuitiv dizayna malik “Blackboard” platforması tələbə və müəllimlər arasında effektiv qarşılıqlı əlaqəni təmin etməklə yanaşı, istifadəçilərə bir çox üstünlüklər verir. Müəllimlər dərs planlarını asanlıqla yaradır, kurs materiallarını paylaşır, sistem vasitəsilə tapşırıqlar verərək onların avtomatik yoxlanılmasını həyata keçirə bilir. Müəllimlər onlayn tədris prosesində interaktiv üsullardan istifadə edir, elektron formada tələbələrin davamiyyətini yoxlayır, analitik hesabatlar əldə edir. Platforma vasitəsilə tələbələrin ümumilikdə tədris materiallarına rahat əlçatanlığı təmin edilir.

“Blackboard Ultra” həm müəllimlər, həm də tələbələr üçün təhsil prosesini daha rahat və effektiv edir. Müəllimlər dərs planlaşdırması və idarəetmədə böyük rahatlıq qazanır, tələbələr isə məlumatlara daha sürətli çıxış əldə edərək öz öyrənmə proseslərinə nəzarət edə bilirlər. Yekunda isə tələbələr haqqında müvafiq qeydlər BDU-nun “Elm-təhsilin idarə edilməsi sistemi”nə daxil edilir.

 

Bənzər yazılar