Noyabrın 15-də Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndələri – rektor akademik Asilbek Aydaraliyev və elm və beynəlxalq əlaqələr üzrə prorektor Maksatbek Anarbaev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Görüşdə ADPU-nu rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər.
Görüş zamanı rektor C.Cəfərov ADPU-nun tarixi, strukturu, təhsil proqramları və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib, əməkdaşlıq çərçivəsində mübadilə proqramları, birgə layihələr, eləcə də elmi tədbirlər kimi fəaliyyətlərin hər zaman diqqətdə saxlanıldığını bildirib. Rektor qeyd edib ki, bu kimi beynəlxalq əməkdaşlıqlar universitetin missiyasına uyğun olaraq həm tələbə və müəllimlərin təcrübəsini artırmaq, həm də elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Bu cür əməkdaşlıqların uğurla həyata keçirilməsinin ADPU-nun qlobal standartlara uyğun universitet olma vizyonunun bir hissəsi olduğunu vurğulayan ADPU rektoru, Qırğızıstan Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olması ilə yanaşı, regional inkişafın təmin olunmasına xidmət etdiyini bildirib.
Sonda qonaqlar ADPU-da yenilənmiş infrastrukturla tanış olub, tələbələr üçün yaradılmış tədris mühitini müşahidə ediblər. Qonaqlara universitetin xatirə hədiyyələri təqdim edilib.