Bu gün ölkəmizdə möhtəşəm COB29 tədbiri keçirilir. Dünyanın gözü Azərbaycandadır. Azərbaycan yüksək təşkilatçılıq səviyyəsinə və təmsil olunma səviyyəsinə görə öz sözünü dedi. Bu tədbir haqqında illərcə danışılacaq. Tədbirdə qəbul olunacaq qərarlar dünyada iqlim dəyişikliklərinə mühüm töhfə verəcək.
Mektebgushesi.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Rektor qeyd edib ki, belə tədbir çərçivəsində Bakı Dövlət Universiteti öz ənənəsinə sadiq qalaraq yeni bir unikal pilot layihəyə imza atıb. Belə ki, universitetin ərazisində Ekoməkan adlanan bir sahənin açılışı oldu: “Tələbələrin həm tədris, həm də təcrübə sahəsi kimi nəzərdə tutulmuş Ekoməkanda müxtəlif bioloji proseslər və onların əsasında ekoloji məsələlər durur. Onların təcrübə keçməsi ilə yanaşı, eyni zamanda, müxtəlif seminarların, asudə vaxtların təşkili kimi məsələlər nəzərdə tutulub. Bu məkanın özəlliyi ondadır ki, buraya xaricdən gətirilmiş ən son texnologiyalarla təchiz edilmiş akuaponik sistemi quraşdırılıb. Bu, balıq və bitkilərin birgə bir tsikl çərçivəsində həyat fəaliyyətlərinin tənzim etməsi prinsipinə əsaslanıb”.
Rektor, həmçinin vurğulayıb ki, burada bütün məhsullar ekoloji cəhətdən təmizdir: “Digər tərəfdən ərazidə oksigen istehsalına imkan verən bioreaktor quraşdırılıb. Rəqəmsal texnologiyaların tətbiqi ilə real vəziyyətdə hava məlumatlarını təmin edən, eləcə də havanın keyfiyyətini dəyərləndirməyə imkan verən ən müasir texnologiyalar quraşdırılıb. Ekoməkanın elektrik təchizatı əsasən günəş panelləri sayəsində alınan enerji ilə həyata keçirilir. Burada məqsəd bir daha BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət göstərməyimizdir.