Dərc olunub: 15.11.2024

 

Bakı Mühəndislik Universiteti (BMU) ilə Qazaxıstan Respublikasının iki tanınmış ali təhsil ocağı-Əl-Fərabi adına Qazax Milli Universiteti və Turan Universiteti arasında anlaşma memorandumları imzalanıb.

Hər iki universitetlə sənədlərin imzalanması BMU-nun rektoru Yaqub Piriyevin bu ölkəyə səfəri zamanı baş tutub.

Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev və Turan Universitetinin rektoru Rahman Alşanovla ayrı-ayrılıqda imzalanan sənədlər birgə elmi tədqiqatların aparılması, professor-müəllim heyəti və tələbə mübadilələrinin həyata keçirilməsi, o cümlədən birgə layihə, proqram və konfransların təşkili kimi məsələləri əhatə edir. Bundan başqa, ali məktəblər arasında ikili diplom proqramlarının gerçəkləşdirilməsi də memorandumlarda öz əksini tapıb.

Memorandumların imzalanması çərçivəsində universitetlərdə aparılan müzakirələr zamanı rektor Yaqub Piriyev Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, təhsil sektorunda da uğurla inkişaf etdiyini bildirib, həmçinin imzalanan sənədlərin əməkdaşlığa əlavə töhfələr verəcəyini vurğulayıb.

Gələcək əməkdaşlıq üzrə konkret fəaliyyət istiqamətlərinin müzakirə olunduğu görüşlərdə təhsil və tədqiqat sahələrində mövcud imkanlar nəzərdən keçirilib, xüsusilə elmi əməkdaşlığın genişləndirilməsi üçün müvafiq addımların atılması qərara alınıb.

Bənzər yazılar