Dərc olunub: 15.11.2024

Azərbaycan Texniki Universitetində (AzTU) AzTU və Asiya İnkişaf Bankı İnstitutunun (ADBİ) birgə təşəbbüsü ilə “Həssas ölkələr üçün iqlim həlləri” mövzusunda konfrans keçirilib.

Məqsəd inkişaf etməkdə olan həssas ölkələrdə insan və icmalar üçün uyğun texnoloji həllərin, o cümlədən maliyyənin səfərbər edilməsini asanlaşdıra bilən ağıllı texnologiyaların, iqlim dəyişikliyinin azaldılması və uyğunlaşdırılması üçün aşağı qiymətli və əlverişli alətləri və iqlim dəyişikliyinin mənfi təsirlərindən yaranan itki və zərərin aradan qaldırılması yollarınının araşdırılması olub.

Bununla yanaşı, konfransda Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşmanın inkişaf etdirilməsi üçün icra edilə bilən tövsiyələrin müəyyənləşdirilməsi üzrə hərtərəfli təhlillər təqdim edilib.

Konfransda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirildiyi dövrdə konfransın əhəmiyyətini vurğulayaraq iqlim dəyişikliyi ilə mübarizənin inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün çağırış olduğunu diqqətə çatdırıb.

Rektor BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə olaraq AzTU-nun “Dayanıqlı Universitet” kontekstində iki layihə təşəbbüsünü elan edib. Birinci layihə “İqlim dəyişikliyinə həssas olan ölkələrdə su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunması” adlanır. Azərbaycan da daxil olmaqla, su ehtiyatlarının səmərəli idarə olunmasına ehtiyac olan ölkələrə yönəlmiş bu tədqiqat layihəsi yağış sularının toplanması, tullantı suların təkrar emalı, sahilboyu ərazilərdə dəniz suyunun duzsuzlaşdırılması, nohur və bataqlıqların su ehtiyatlarının dayanıqlı idarə olunmasının texniki və iqtisadi qiymətləndirilmələrini əhatə edəcək.

İkinci layihə AzTU-nun bir hektar ərazidə yaradacağı Yaşıl Texnologiya Parkının yaşıl enerji ilə təmin olunmasına aiddir. Sözügedən Parkın ərzasizindəki tikililərin damında ümumi gücü 1,5 meqavat olan günəş panelləri quraşdırılacaq. Panellər elektrik enerjisi istehsal etməklə yanaşı, təbii işıqlandırmaya imkan verən pəncərə rolunu da oyanacaq. Layihənin həyata keçməsi ilə AzTU avtonom olaraq öz kampusunun ehtiyaclarını yaşıl enerji ilə təmin etməklə yanaşı, ətrafdakı obyektləri da enerji ilə təchiz edəcək.

Daha sonra çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyininin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov son illərdə ali təhsil müəssisələrində iqlim dəyişikliyi mövzusunda tədqiqatların artdığını bildirərək bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib. O, AzTU-da keçirilən tədbirin platforma rolunu oynadığını və mütəmadi olaraq keçirilməsinə ehtiyac olduğunu deyib.

Tədbir iştirakçılarını salamlayan ADBİ-nin direktoru Tetsuşi Sonobe Azərbaycanda keçirilən COP29 tədbirindən məmnunluğunu ifadə edərək AzTU ilə birgə keçirilən konfransın COP29-a töhfə olduğunu bildirib. Bir “beyin mərkəzi” olaraq ADBİ-nin iqlim dəyişikliyi kimi qlobal çağırışları diqqətdə saxladığını qeyd edən Tetsuşi Sonobe bu cür konfransların silsilə keçiriləcəyini bildirib.

Tədbir daha sonra iqlim dəyişikliyinin müxtəlif məsələlərinə həsr olunmuş panel iclaslarla davam edib.

Bənzər yazılar