“Təhsil iqlim dəyişikliyinə qarşı mübarizənin ən güclü yollarından biridir. Son illərdə, təhsil sistemimizə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusu diqqət ayırırıq”.
Mektebgushesi.az xəbər verir ki, bunu bu gün Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən “Adaptasiya və Ambisiya kimi Təhsil: Ətraf Mühit Təhsilinə Yeni Yanaşma” mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
O qeyd edib ki, orta məktəb kurikulumunun islahatı və müəllim hazırlığının gücləndirilməsi ilə yanaşı, bu mövzulara da geniş yer verilib:
“Bütün bunlar şagirdlərimizin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb. Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili, şagirdlərin yaşıl enerji, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır. Bu praktiki tədris, onların özünəinam qazanmalarını təmin edir. Onları müsbət dəyişikliyin bir parçası olmaq üçün ruhlandırır”.
Nazir müavini əlavə edib ki, hər il keçirilən STEAM Azərbaycan Festivalı bu yanaşmanın gözəl bir nümunəsidir:
“Bu tədbir Azərbaycandan və 10-dan çox ölkədən gənc yenilikçiləri bir araya gətirir. Bu il festivalı iqlim dəyişikliyinə həsr edərək onu “Yaşıl STEAM Festivalı” adlandırdıq və yaşıl enerji, dayanıqlı həllər və ekoloji təşəbbüslər üzərində qurduq”.
Təhsil prosesində əsas rol oynayan müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran Həsən Həsənli hazırda hər bir müəllimin sinifdə iqlim dəyişikliyi mövzusunu inamla tədris etmək üçün lazım olan bacarıq və resurslara sahib olmasını təmin etməyin əsas məqsəd olduğunu bildirib:
“Ali təhsildə isə artıq iqlim həlləri ilə bağlı tədqiqatları təşviq etməyə başlamışıq və bu səyləri xüsusi proqramlarla genişləndirməyə davam edəcəyik. COP29 çərçivəsində, müxtəlif ölkələrdən universitetləri bir araya gətirərək dayanıqlılığın təşviqində lider ola bilmələri üçün müzakirələr aparacağıq”.